Azərbaycan yığması gələn il sentyabrın 5-də İslandiya səfəri ilə 8-ci dəfə dünya çempionatlarının seçmə mərhələlərində iştirakına start verəcək.
Hər halda bunu 8-ci cəhd adlandıra bilmərik.
Millimiz seçmə mərhələdə nəyəsə nail olmağa heç bir zaman cəhd də göstərməyib, sadəcə seçmələrdə iştirak edib və ən yaxşı halda 1 dəfə iki komandanı qabaqlayaraq, 6 iştirakçı arasında 4-cü olub.
Sportinfo.az xəbər verir ki, İdman.biz millimizin ötən 7 seçmə mərhələdə iştirakına nəzər salıb.
7 seçmə mərhələdə komandamız 66 oyun keçirib. Bu oyunlarda 7 qələbə qazanıb, 15 görüşü heç-heçə başa vurub və 44 dəfə məğlub olub. Rəqiblərinin 122 qoluna qarşı cəmi 34 qol vurub.
Millimiz dünya çempionatı seçmələrində debütünü 1996-cı il iyunun 2-də Osloda Ullevaal stadionunda Norveç millisi ilə oyunla edib. Artıq 7-ci dəqiqədə Solbakkenin dəqiq zərbəsi ilə qapısında ilk qolunu görən komandamız debütünü 0:5 hesablı məğlubiyyətlə edib.
Elə növbəti oyunda millimiz ilk qolunu vuraraq, mundial seçmələrində ilk qələbəsini qazanıb. Avqustun 31-də Bakıda Tofiq Bəhramov adına respublika stadionunda Vidadi Rzayev 28-ci dəqiqədə fərqlənməklə matçın yeganə qoluna imza atıb.
Startdan ardıcıl 18 səfər oyununda uduzan yığmamız ilk səfər xalını 4-cü turnirində - DÇ-2010-da Vadusda Lixtenşteyni 2:0 hesabı ilə yenməklə qazanıb.
Yeganə böyükhesablı qələbə 2017-ci il sentyabrın 4-də “Bakcell Arena”da San Marino üzərində olub – 5:1. Məhz həmin oyundan sonra millimiz dünya çempionatlarının seçmələrində qələbə üzünə həsrət qalıb. Yeni turnirin ilk oyunun gələn il sentyabrın 5-də olacağını nəzərə alsaq, qələbəsizlik seriyasının ən azından 8 il 1 gün çəkəcəyini deyə bilərik. Ancaq millimizin hazırkı durumunu, Millətlər Liqasında son çıxışlarını nəzərə alsaq, bu müddətin xeyli uzanacağını gözləmək olar.
Ən böyükhesablı məğlubiyyət 2005-ci il martın 26-da Polşa səfərində (0:8) gəlib. Ümumiyyətlə, komandamız 44 məğlubiyyətinin 16-sını böyük hesabla alıb.
Millimiz DÇ-2018 seçmələrində özünün qol rekordunu vurub. Futbolçularımız həmin turnirdə rəqib qapısına 10 dəfə yol tapıb. DÇ-2006-da isə cəmi 1 qol vurmağa gücü çatıb. Müdafiə xətti ən yaxşı çıxışını DÇ-2014-də edərkən göstərib və 11 qol buraxıb. DÇ-1998-dəki ilk cəhdində isə 8 oyuna 22 qol buraxmaqla antirekord vurub.
Yığmamızın ən yüksək mövqeyi DÇ-2014-ün seçmələrində 6 komanda arasında 4-cü yer olub. Ancaq həmin turnirdəki 1 qələbə və 6 heç-heçədən 9 xal qazanan yığmamızın daha yüksək xal toplaması növbəti seçmələrə təsadüf edib. O zaman 10 oyunda 3 qələbə və 1 heç-heçə ilə 10 xal toplayan millimiz 6 komanda arasında 5-ci olub. Elə həmin yarışda komandamız özünün qələbə rekordunu vurub – 3. Digər illərdə Azərbaycan yığması 4 dəfə 1 qələbə ilə kifayətlənib, DÇ-2006 və DÇ-2022 seçmələrində isə qələbəyə həsrət qalıb.
Komandamızın ən zəif çıxışı son mundialın seçmələrində cəmi 1 xal qazanarkən olub. 7 turnirin 5-də 7 dəfə məğlub olan millimiz ən az məğlubiyyəti (3) DÇ-2014-ün seçmələrində alıb.
DÇ |
O |
Q |
H |
M |
T/F |
X |
1998 |
8 |
1 |
0 |
7 |
3-22 |
3 |
2002 |
10 |
1 |
2 |
7 |
4-17 |
5 |
2006 |
10 |
0 |
3 |
7 |
1-21 |
3 |
2010 |
10 |
1 |
2 |
7 |
4-14 |
5 |
2014 |
10 |
1 |
6 |
3 |
7-11 |
9 |
2018 |
10 |
3 |
1 |
6 |
10-19 |
10 |
2022 |
8 |
0 |
1 |
7 |
5-18 |
1 |
Cəmi |
66 |
7 |
15 |
44 |
34-122 |
36 |