“Azərbaycan millisi ilə müqayisədə Ukrayna yığmasının səviyyəsi nisbətən yüksəkdir, amma futbolda hər zaman favorit komanda qalib gəlmir”.
Sportinfo.az xəbər verir ki, “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə eyni qrupa düşməsi barədə danışarkən AZƏRTAC-a açıqlamasında belə deyib.
Ukraynalı mütəxəssis bu rəqiblər arasında keçiriləcək oyunları səbirsizliklə gözlədiyini bildirib:
“Çünki Azərbaycan və bu ölkənin futbolu mənə yaxındır. Ona görə də bu komandaların oyunları mənə maraqlıdır”.
Onun sözlərinə görə, Azərbaycan millisi qrupda pley-offa vəsiqə uğrunda mübarizə apara bilər:
“Bunun üçün çalışmaq lazımdır. Amma rəqiblər güclüdür. Hesab edirəm ki, heç də asan olmayacaq”.
DÇ-2026-nın seçmə mərhələsində D qrupunda mübarizə aparacaq Azərbaycan millisi Ukrayna ilə yanaşı, Fransa və ya Xorvatiya, həmçinin İslandiya komandaları ilə də qarşılaşacaq.