"30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var.
Seçmə mərhələlərin püşkündən sonra rəqib komandaların gücünü və qazana biləcəyimiz xalları hesablayırıq".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın 2026-cı il dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcəyi rəqibləri dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis indiki vəziyyətdə proqnoz verməyin mənasız olduğunu söyləyib:
"Bu gün uyğun qrup olması üçün yığma özü uyğun yerdə olmalıdır. Üstəlik, komandanın qarşısına qrupdan çıxmaq məqsədi qoyulmayıb ki, rəqiblərin uyğun olub-olmadığını müzakirə edək. Püşkdən əvvəl ən azı üçüncü səbətdə yer almalı idik ki, bizdən sonra gələn rəqiblər nisbətən zəif olsunlar. Yaxud beş komandalı qrupa düşsəydik, bəlkə şansımız nisbətən çox olardı. Beşinci səbətdən ən azı Andorra, Cəbəllütariq və ya San Marino kimi yığmalar gələrdi".
Ş Diniyev qrupda əsas mübarizənin Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya seçmələri arasında gedəcəyini bildirib:
"Azərbaycan millisi yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında nəyisə dəyişməyə çalışacaq. Hansı yeniliklər olacağını seçmə mərhələ göstərəcək. 30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var. Seçmə mərhələlərin püşkündən sonra rəqiblərin gücünü və qazana biləcəyimiz xalları hesablayırıq. Bu, bizim yığma üçün tezdir. Biz çıxış yolları tapmalı, yığmanı hansı formada inkişaf etdirməyi düşünməliyik".
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Azərbaycan millisi mübarizəyə gələn il sentyabrın 5-də start verəcək. Komandanın ilk sınağı səfərdə İslandiyaya qarşı olacaq.