COP29

Ölkə futbolunun fiaskosu AFFA-da oturanların ARZUSUDUR?

4 Dekabr 22:20 Milli komanda 284
Ölkə futbolunun fiaskosu AFFA-da oturanların ARZUSUDUR?

Azərbaycan millisi daha bir turniri uğursuzluqla başa vurdu.

Ölkənin bir nömrəli komandası Millətlər Liqasının 6 matçında yalnız 1 xal əldə edə bildi.

Bu xal bu gün üçün sonuncu pillə, gələcək üçün D liqası deməkdir.

Əvvəlki oyunlarda gah qırmızı vərəqə alan Mahir Emrelini qınadıq, gah penalı qaçıran Ramil Şeydayevi, gah da fürsətləri sağa-sola xərcləyən komanda yoldaşlarını günahkar çıxardıq.

Amma son turda İsveç bəhanə üçün əl yeri qoymadı.

Avropalılar Santişun kollektivinə istədiyi formada qollar vurdu.

Centlmenlik edib, baş-ayaqlarına "dur" deməsəydilər bu gün daha böyük hesablı məğlubiyyətdən danışa bilərdik.

Artıq yığma komandanın biabırçı oyunları, darmadağınla məğlubiyyətləri məni təəccübləndirmir.

Bu, illərdi AFFA-nın bacarıqsız idarəçiliyinə verilən ədalətli qiymətdir.

Məni təəccübləndirən az qala hər ay verdiyi dərsdən iki alan futbol başbilənlərimizin özünü heç nə olmayıbmış kimi aparmalarıdır.

Biz yalançı vədlər eşitməkdən yorulduq, amma onlar danışmaq yorulmadı.

Bir ölkənin milyonlar ayrılan millisi gələnə-gedənə məğlub olursa, normalda cavabdeh şəxslər hərəkətə keçməlidir, təcili qərarlar verməlidir.

Bilmirəm, necəsə, hanısa formada narahat olduqlarını hiss etdirməlidir.

Heç nə hiss etmirik, heç bir tərpəniş görmürük. Sanki bu mənzərə AFFA-da oturanların arzusudur.

Göstərilən yanaşmaya söz tapmaq olmur. Adamın əli ağzında qalır. Sanki bu adamlar rəhbər postuna milli komandanı, ölkə futbolunu xilas etmək üçün yox, əvvəlkilərdən daha radikal formada dağıtmaq, fiasko yaşatmaq və həzz almaq üçün gəliblər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər