Azərbaycan millisi növbəti oyuna hazırlaşır.
Millətlər Liqasında mübarizə aparan ölkəmizin bir nömrəli futbol komandası V tur çərçivəsində Estoniya seçməsini qəbul edəcək.
Ötən ay Tallində baş tutan qarşılaşmanın ilk yarısında meydan sahibləri hesabı açsa da, fasilə ərəfəsində Toral Bayramov penaltidən fərqlənməklə status-kvonu təmin etmişdi. Fasilədən sonra 2 qol vuran estonlar yekunda 3:1 hesablı qələbəyə sevinmişdi.
Tarixə söykənən statistik rəqəmlər Qəbələdəki qarşılaşmada Azərbaycan millisinin məğlub olmayacağından xəbər verir.
İş burasındadır ki, yığmamız indiyə qədər məhz bu rəqiblə öz meydanında oynadığı matçların heç birində uduzmayıb.
Komandalar 1996-cı ildən bu yana yoldaşlıq görüşlərində və beynəlxalq yarışlarda 11 dəfə üz-üzə gəliblər. Bunların 2-də qələbəyə sevinən tərəf bizimkilər olubsa, 4 halda estonların üzü gülüb. Qalan 5 görüş heç-heçə başa çatıb.
11 qarşılaşmanın cəmi 2-si Azərbaycanda gerçəkləşib.
1998-ci ildə Gəncədə baş tutan və yoldaşlıq xarakteri daşıyan dueldə millimiz tarixində ilk dəfə Estoniya üzərində qələbəyə sevinib – 2:1.
Şimallılar Bakıya bir də 25 ildən sonra səfər ediblər. 2023-cü ilin iyununda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində “Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Rəqəmlərdən də göründüyü kimi, indiyə qədər Azərbaycana iki dəfə səfər edən Estoniya seçməsi Bakıda bərabərə qalıb, Gəncədə məğlub olub.
Görək Qəbələdə hansı nəticə qeydə alınacaq. Bizimkilər məğlub olsa, bu, sözügedən rəqibin Azərbaycanda qazandığı ilk qələbə kimi tarixə düşəcək.
Noyabrın 16-da baş tutacaq oyun saat 18:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ