Fernandu Santuşun Millətlər Liqasında Estoniya və İsveç yığmaları ilə matçlar üçün dəvət göndərdiyi oyunçular arasında Mehdi Cənnətova yer tapılmadı.
Qərar haqlı olaraq təəccüblə qarşılandı.
Axı yığmanın son 4 rəsmi oyununda məhz portuqaliyalı mütəxəssisin qərarı ilə çərçivəni Mehdi qorumuşdu.
Və heç də pis bacarmamışdı. Düzdü, bütün oyunları uduzmuşuqsa, hansı yaxş şeydən danışmaq olar? Amma pisin içində elə ən yaxşısı Cənnətov olmuşdu. Əbəs deyil ki, seçmə oyunlar həftəsində ən çox seyvlə yadda qalan qapıçı da məhz o seçilmişdi.
Əcnəbi çalışdırıcı ilk gündən əsas heyət üzvü kimi güvəndiyi oyunçunu bir anda kənarda saxlamasını belə izah edib:
"Texniki qərardır. Məşqçilər heyəti var. Mehdi ilə şəxsi heç bir problem yoxdur.
Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim".
Amma 32 yaşlı qolkiperlə bağlı bu izahın da bir məntiqi yoxdur.
Çünki hazırda onun komandası uğurlu qrafik yaxalayıb. Bu mövsüm ilk dəfə "Sumqayıt" ardıcıl iki görüşdə qələbə qazanıb. Bunda Mehdinin də payı az olmayıb.
O, son 3 turda cəmi 1 qol buraxıb.
Hardan baxsaq, qərarın idman prinsiplərinə söykəndiyini deməyə adamın dili gəlmir.
Nəzərə alaq ki, bu gün ölkədə ciddi qapıçı problemi var. Bizim üçün xoş olmasa da, indiki durumda dağıstanlı ən yaxşıdır.
Belədə o niyə kənarda qalmalıdır?
Sanki bu addımın arxasında başqa qüvvələr var.
İnanaq ki, beyinlərdə pərvaz edən şübhələr əsassızdır. Və Santuş kənar təsirdən yox, öz iradəsi əsasında bu qərarı verib.
XANOĞLAN/ SPORTİNFO.AZ