COP29

Maqnitin əks qütbləri və formaya "sığmayan" ümidlər

02:00 Milli komanda 105
Maqnitin əks qütbləri və formaya "sığmayan" ümidlər

Azərbaycan futbolunun ən yaralı yerinə çevrilən millimizdən ümid kəsilib.

Komandamız Estoniya ilə görüşdə qalib gələcək deyərək matçı izləyən azarkeşlər bu dəfə də məyus oldular, üzləri gülmədi.

Bəs yaxşı, bu dəfə günahı kim boynuna götürəcək? Fernandu Santuş, yoxsa əyninə geyindiyi formanın mahiyyətini dərk etməyən futbolçular?

Portuqaliyalı qocaman çalışdırıcının gəlişi futbol azarkeşləri və idman ictimaiyyəti tərəfindən yanlış qərar kimi qəbul edilmişdi. Hər kəs Santuşun uğursuz olacağına inanırdı. Belə görünür ki, bu ehtimal doğrulur. 70 yaşlı baş məşqçi Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olsa da, Azərbaycan seçməsi ilə hələ ki heç nə edə bilməyib. Onu da haradasa anlamaq olar: təcrübəli məşqçinin meydana buraxacağı heyət məhduddur, kimi çağıracağına tərəddüd edir. İndiyədək keçirdiyi üç oyunda Santuş hər görüşə fərqli heyətlə hazırlaşıb.

Estoniya ilə oyuna qayıdaq. Elvin Cəfərquliyevdən savayı, digər futbolçularımızın döyüşkənlik nümayiş etdirdiyini demək olmaz. 90 dəqiqə ərzində bir yerdə durmayan Elvin hara, iki metr məsafədən yeddi metrlik qapıya dəqiq zərbə endirə bilməyən Ramil Şeydayev və Renat Dadaşov hara...

Çox maraqlıdır ki, uzun müddətdir formadan düşmüş Emin Mahmudovun, "Zirə"də hələ də normal oyun nümayiş etdirə bilməyən Rüstəm Əhmədzadənin milli komandada nə işi var?

Topa nəzarətdə üstünlüyə rəğmən, seçmə komandamız ilk qolu müdafiədəki boşluq və qolkiperin səhvi ucbatından buraxdı. Yaxşı, bunu anlamaq olar ki, bir anlıq çaşqınlıq hesabda geri düşməyimizə səbəb oldu. Elvin Cəfərquliyevin fəallığı penalti qazandırdı, hesaba tarazlıq gətirdik. Bəs heç bir dəqiqə keçməmiş yenidən hesabda geri düşmək hansı ağıl və məntiqin təzahürüdür?

Müdafiə xarakterli oyun oynamaq olmaz, hücum etmək lazımdır deyəndə qapıya doğru uçan hər topu boş buraxmaq nəzərdə tutulmamışdı. Rəqib isə 100%-lik nəticə göstərdi - qapıya cəmi üç zərbə və üç qol.

Milli komandanın problemləri uzun illərdir, həll olmur. Ya məşqçi var, heyət o deyil, ya da heyətə yaxşı futbolçular cəlb olunurlar, oynadan məşqçi tapılmır - bu iki elementin bir araya gəldiyi günü hələ görməmişik. Sanki maqnitin əks qütbləridir, amma nə sirdirsə, bir-birini cəzb etmirlər. Dərd bir olsa, çəkməyə nə var ki? Hücum xəttində oynayan futbolçularımız yeddi metrlik qapıya düşə bilmirlər, onları isə yarımmüdafiəçilər sığortalamağa çalışırlar. O da alınmır ki, alınmır.

Dünya futbolunda oyunçular 32-33 yaşı haqlayan kimi karyeralarını bitirirlər. Bizim millidə isə "başqa kim var ki?" məntiqi ilə 32-35 yaşlı futbolçular meydana buraxılırlar. Əgər başqa "heç kimi tapa bilmiriksə", məğlubiyyətlərlə barışmışıqsa, bəlkə, gənclərə şans verək, onları yetişdirək? Uduza-uduza da olsa, heç olmasa, 30 yaşına çatanadək öyrənsinlər?

Bəllidir ki, hazırda milli komandada çıxış edən futbolçularımız geyindikləri formanın və onun üzərindəki rənglərin fərqində deyillər. Fernandu Santuşun son zamanlardakı karyera enişi Azərbaycan millisində də davam edir. Slovakiya və İsveç millilərinə uduzmaq qəbul edilə bilərdi, amma Estoniyaya məğlub olmaq bağışlanan deyil. Qərarlaşdığımız qrupda dişimizə görə yeganə rəqibimiz estonlar idilər. Onlarla da bacarmadıq.

Qarşıda isə daha ağır cavab görüşləri var. Estoniyaya 1:3 hesabı ilə məğlub olan millimizdən İsveçlə görüşdə nə gözləyək?

Heç olmasa, doğma meydan və azarkeş önündə daha inamlı oynamaq, qələbə üçün çalışmaq lazımdır. Onu da etməyin yeganə yolu meydana normal heyət buraxmaq, düzgün taktiki gedişlər etməkdir.

Hər halda, artıq ilk oyunlar geridə qaldı. Necə deyərlər, olan oldu. İndi növbə cavab qarşılaşmalarındadır. Budəfəki heyəti deyə bilməsək də, Don Santuş, yəqin ki, həmin rəqiblərlə ikinci dəfə qarşılaşacaq. Əvvəlki üç oyundan əldə etdiyi müşahidələr məşqçini növbəti matçlarda büdrətsə, artıq buna nə ad qoymağı fikirləşməli olacağıq...

Anar Həsənov yazır...

Digər Xəbərlər
Xəbər Lenti