COP29

Heç AFFA-nın rəhbərliyi də "Yallı" oynaya bilmir

00:30 Milli komanda 223
Heç AFFA-nın rəhbərliyi də "Yallı" oynaya bilmir

Milli komandamız növbəti dəfə uduzdu. O məşhur filmdə deyirlər ey:

- "Neftçi" uduzdu?

- "Neftçi"nin udan günü olub ki?

İndi milli komandamızın da udan günü olub ki?

Yox, yox, bir dəfə bir nemes vardı ey, adı deyəsən Foqtsuydu, onun vaxtında Türkiyəni udduq və qoymadıq Avropa çempionatına gedə. Onu da Foqts elə elədi ki, Avropa çempionatına Avstriya və Almaniya getsin. Yəni öz nemesliyini elədi.

"Yallı" oynaya bilməyənlər...

Vaxtilə "Neftçi" Azərbaycanın milli komandası idi. Futbolumuzun flaqmanı indi on klub arasında hələ bir qələbə qazanmayıb doqquzuncu yerdədirsə və həmin dövrlərdə böyük futbol məktəbi olan Gəncənin "Dinamo" komandası (indi "Kəpəz") sonuncu yerdədirsə, milli komandamızdan nə isə gözləmək müşkül məsələdi.

Amma nə qədər uduzsaq da, yenə azarkeşlər stadiona gəlir. Və mənə elə gəlir ki, onlar da bilir uduzacağımızı, amma ona görə gəlirlər ki, 44-cü dəqiqədə hayqırsınlar: "ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!". Yəni şəhidlərimizin xətrinə gəlirlər.

Elə mən də həm milli komandamızın oyunlarını, həm də çempionatımızı əslində elə 44-cü dəqiqədəki o şüarı eşitmək üçün izləyirəm.

Futbolçularımızı qınamıram, nəyə gücləri çatır, oynayırlar. Özü də pis oynamırlar, canlarını qoyurlar.

Toylarımıza fikir vermisiz, guya "Yallı" oynayırlar, "Yallı" çalınır, amma hərə öz bildiyi havanı oynayır.

Naxçıvanda bir adət var, "Yallı" oynayanda bir nəfər əlində çubuq nəzarət edir, kimsə düzgün oynamırsa onun topuğunu çubuqlayır. Həmin adam ya havanı tutub oynamalıdı, ya da ortadan çıxmalıdı. Bilmirəm həmin adama Naxçıvanda nə deyirlər, Qarabağda fərraş deyirlər.

İndi bizim milli komandanın fərraşı çatmır. Çünki komandanın baş məşqçisi bizdən olmadığından özü "Yallı" oynaya bilmir, o necə futbolçulara "Yallı" oynatsın?

Neçə illərdi "Yallı" oynaya bilməyənlərə bir ətək pul verib gətiririk Azərbaycana ki bizə "Yallı" öyrətsin.

At gəlir örkən aparır, it gəlir çarıq. Bu "Yallı" oynaya bilməyən məşqçilər də ətək-ətək pul aparır və milyonlarla insanı gözü yaşlı qoyur.

Nə qədər ki, AFFA nələrinsə və ya nəyinsə xətrinə "Yallı" oynaya bilməyənləri gətirəcək millimizin təpəsinə, onda da millimiz elə "Neftçi" kimi oynayacaq.

Mənə elə gəlir ki, heç AFFA-nın rəhbərliyi də "Yallı" oynaya bilmir.

"Neftçi"yə də həmişə "Yallı" oynaya bilməyənləri gətiriblər. Nə zaman ki "Yallı" oynayanlar, məsələn, rəhmətlik Böyükağa Hacıyev, Tərlan Əhmədov o fərraş çubuğunu əllərinə alıblar, onda da "Neftçi" uğurlar qazanıb.

İndi bircə şeyə sevinirəm ki, həmin fərraş çubuğu Samir Abbasovun əlindədir.

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI