Heydər Əliyev adına Beynəlxalq Hava limanında milli komandamızın düşərgəsində ab-hava yaxşıdır.
Hava gəmisinə minərkən qarşımda Mahir Emrelini görürəm.
Təbii ki, onu görüncə “Nürnberq” haqda soruşmaya bilməzdim. Mahirə “Necə oldu ki, Almaniya klubuna keçdin?” sualını verdim. Cavabı isə olduqca maraqlı oldu.
Nuri Şahinin Joze Mourinyonun baş məşqçisi olduğu “Real”a gedişinə bənzəyir.
Mahir keçidini bu cür şərh edir: “Zaqrebdə idim, təkliflərə baxırdım. Telefonuma zəng gəldi, “alo” dediyim vaxt “mən Miroslav Kloze” cümləsini eşitdim, mən də Devid Bekhem deyib telefonu söndürdüm. Üstündən bir neçə dəqiqə keçməmiş menecerim zəng elədi və dedi ki, sən neynirsən, Kloze zəng edib telefonu söndürmüsən. Daha sonra Kloze videozəng etdi. Ondan sonra danışdıq və bu cür əfsanənin sözünü geri çevirmədim. Təkliflərim var idi...”
Mahir yeni bir yolun başlanğıcına çıxmışdı, onun kimi bizim də ümidlərimiz qələbə idi...
Bakının isti oktyabrından soyuq Tallin oktyabrına düşəndə qışı iliyimizə qədər hiss etdik. Əslində, hələ Estoniya paytaxtına çatmamış, təyyarə enişə hazırlaşarkən bizi necə hava gözlədiyini anlamışdıq. Estoniyanın keçmiş prezidenti, yazar və ssenarist olan Lenant Merinin adını daşıyan Tallin hava limanından qaldığımız hotelə yollananda bilmirdik ki, hələ bu şəhər bizi çox üşüdəcək.
Tallinə 1 il bundan öncəki səfərim daha uğurlu alınmışdı. Həm bu ölkəyə ilk dəfə getdiyim üçün maraqlı idi, həm də ardınca getdiyimiz yığma komandamız bu ölkənin millisinə qarşı keçirdiyi matçdan qalib ayrılmışdı.
Həmin vaxt Canni De Byazinin rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesablı məğlubiyyətə uğratmışdı. Halbuki həmin vaxt ümidlər çox deyildi, italiyalı çalışdırcı sərt tənqid edilirdi. Buna baxmayaraq o, estonlardan üstün olmağı bacarmışdı.
Bu dəfə isə fərqli oldu. Millətlər Liqasının qrupunda 3 xala ümid etdiyimiz tək komandaya da uduzduq. Estoniya yığmasının heyətində çıxış edən futbolçulara diqqət etsək, onların Avropanın güclü çempionatlarında top qovduğunu görə bilərik. Lakin estonlar da bizim kimi yığma komanda səviyyəsində uğur əldə edə bilmirlər. Onları yer aldığımız qrupda bizim üçün əlçatan komanda olaraq da görürdük. Gözümüzdə kiçiltdiyimiz rəqib isə nə az, nə çox düz 3 top keçirdi qapımızdan.
Matçdan öncə keçirilən mətbuat konfransında 70 yaş təbrikləri alan komandamızın baş məşqçisi Fernandu Santuş bizi təəccübləndirməyi də bacardı. Millinin kapitanı ilə bağlı suala cavab verməyən təcrübəli mütəxəssis Abbas Hüseynovu konfransa gətirməklə bizə işarə göstərmişdi. Lakin matç günü anladıq ki, komandamızda sarğını “Qarabağ”ın sağ cinah müdafiəçisi daşıyacaq.
Əslində, titullu mütəxəssisin komandası oyuna pis başlamamışdı. Renat Dadaşovun başla vurduğu zərbə qapı dirəyindən döndü, bir neçə dəqiqə keçməmiş forvardımız təkbətəkdən yararlana bilmədi. Sağa-sola xərclənən qol epizodlarının cəzası gələcəkdi. Futbolda hər zaman vurmayana vurarlar prinsipi var. Estonlar bir qol vurdu. Bundan sonra da komandamız pis oynamadı, nəticədə penalti qazandıq. 11 metrlik cərimə zərbəsindən sonra hesabın ilk hissənin sonuna yaxın bərabərləşməsi bizə ümid verə bilərdi. Di gəl ki, sən saydığını say, gör estonlar nə sayır. Müdafiəçilərimizin qol həyəcanından yararlanan estonlar ilk hissəni 2:1 hesablı üstünlüklə başa vurdu. İkinci hissədə isə portuqaliyalı çalışdırıcımız nə qədər çalışsa da, komandanı toparlaya bilmədi. 3-cü qolu da buraxandan sonra artıq məğlubiyyətlə barışmalı idik. Soyuq Tallində ümid etdiyimiz qələbə əvəzinə daha çox bu məğlubiyyət bizi üşütdü.
Matçdan sonrakı mətbuat konfransında da Fernandu Santuş maraqlı açıqlama verdi. “Niyə Abbas Hüseynovu kapitan seçdiniz?” sualına 70 yaşlı məşqçi “çünki o, Azərbaycan dilində yaxşı danışa bilir, millidə kapitan olacaq Bədavi Hüseynov isə yaşadğı ölkənin dilini bilmir” cavabını verdi.
Təbii ki, Santuş bununla alqış qazandı və bunu etməsi yaxşı haldır. Amma...
Amması odur ki, Azərbaycan yığmasının Estoniyaya qarşı meydana çıxan heyətində 5 futbolçu dilimizdə danışa bilmirdi. Renat Dadaşov, Ramil Şeydayev, Mehdi Cənnətov, Bədavi Hüseynov, Aleksey İsayev...
Deyə bilərsiniz ki, bəs, Anton Krivotsyuk da var idi. O da azərbaycanlı deyil. Amma qəribəsi budur ki, Anton Azərbaycan dilini öyrənib. Bununla bağlı daha sonra...
Azərbaycan dilini bilməyən bu qədər futbolçunun meydanda olmasından sonra, bəlkə də Bədavi kapitan olsaydı, futbolçular bir-birini daha yaxşı başa düşərdi. Nəticə də dəyişərdi.
Matçdan bir gün sonra vətənə dönərkən təyyarədə Anton Krivotsyukla qısa dialoqumuz olur.
- Anton, Azərbaycan dilini bilirsən?
- Yavaş-yavaş öyrənirəm.
- Amma səndən fərqli olaraq, milliyətcə azərbaycanlı olanlar dilimizi bilmir. Sən nə əcəb cəhd edirsən?
- Bilirsən, mən himni də bilirəm. Hətta hər oyunda oxuyuram.
Əslində, ruhsuz millinin ən ruhsuz üzvləri kimi görünən Ramil Şeydayev, Renat Dadaşov, Aleksey İsayev üçün bu, bir nümunə ola bilərdi (qafqazinfo).
Elsevər Məmmədov