Geydirmə sözünü kimsə mənə deyə bilməz. Heç sən də qəbul eləmərsən.
Çünki dərinə gedəndə pis məna verir, yanlış anlaşılır.
Ancaq ümumişlək sözdür. Ruslarda “falşivıy”, ingilislərdə “fake” kimi dilə gətirilir. Mənası əldəqayırma, hansısa xalis malın oxşarı deməkdir. Sadəcə, bizim dilə geydirmə kimi yapışıb.
Azərbaycan millisinin illərdir qapazaltı olmasının başında duran əsas səbəblərdən biri heyətinin yarısının geydirmələrdən təşkil olunmasıdır.
Bədavi Hüseynov geydirmədir, Renat Dadaşov geydirmədir, Aleksey İsayev, Anton Krivotsyuk, Mehdi Cənnətov – hamısı geydirmədir.
Ona görə ki, bunların heç biri xalis azərbaycanlı deyil. Hansısa geydirmə yollarla onlara pasport verilib, dönüb olublar yığma üzvü. Azərbaycanlı olmadıqları halda, ölkəmizin pasportuna sahibdirlər.
Belələri milli ruhun nə olduğunu anlamır. Məsələn, Mehdiyə, ya da Alekseyə Azərbaycan bayrağının yüksəklərdə olması qətiyyən maraqlı deyil. Heç himnimizi də oxuya bilmirlər. O da onlara maraqlı deyil.
Döyüşmək, bayraq naminə meydanda ölüb qalmaq, məğlubiyyətdən sonra ağlamaq, çıxıb xalqdan üzr istəmək – bunların heç birini özlərinə borc bilmirlər. Düz də edirlər.
Guya mən pul qarşılığında Kamboca millisində oynasam, canımı verərəm? Qətiyyən! Nəyimə lazımdır?
Narvik Sırxayev və Denis Qaysumov kimilərlə başlayan yol Ernani Pereyra və Fabio Luis Ramimlə davam etdi, ara-sıra onlara Daniel Axtyamovla Usim Nduka qoşuldu. Sonra hərəsi bir tərəfə dağılışdı. İndi Azərbaycanın xəritənin hansı nöqtəsində yerləşdiyini də xatırlamırlar.
Bu geydirmələr də onların tayı olacaq. Uzağı Bakıdan çıxıncadır, heç yadlarına da düşməyəcək. Bax, uğursuzluğun başlıca səbəblərindən biri də Azərbaycanın himnini oxuya bilməyənlərin Azərbaycan yığmasının formasını geyinməsidir.
Estoniya ilə oyunda Mehdi, Bədavi, Anton, Aleksey, yaxud Renat nə ilə yadda qaldı? Onların yerinə xalis azərbaycanlılar oynasaydı, daha yaxşı olmayacaqdı ki?
HƏBİB