Estoniyaya da uduzduq.
Qrupda xal qazana, qalib gələ biləcəyimiz real görünən yeganə komandaya!
36 yaşlı keçmiş “Qəbələ”li Sergey Zenyovun, “Sumqayıt”ın bəyənməyib yola saldığı Erik Sorqanın ümidinıə qalan Estoniyaya!
Ötən il daha şükürlü vəziyyətdəydik. Bakıda estonları məğlub edə bilməsək də, Talinndə Canni de Byazinin heyəti 2:0-lıq qələbə ilə bəraət almışdı.
Fernando Santuşun komandası isə Baltik sahillərindən 1:3 hesablı məğlubiyyətlə qayıtdı. Bu da AFFA-dakı islahatların, baş məşqçi dəyişikliyinin dırnaqarası effekti!
Bizim futbolun inkişafı “bir addım irəli, iki addım geri” tezisi kimidir. Nə qədər addımlasaq da, irəli yox, geri gedirik.
Estoniya vaxtilə heç rəhmətlik Fuad Musayevin bir qarını ac, bir qarını tox futbolçularının oynadığı Azərbaycan millsinə 3 qol vura bilməmişdi.
Amma Avropa çempionu, Kriştianu Ronaldo kimi dünya ulduzunun baş məşqçisi olmuş Fernando müəllim Santuşun komandasına 3 qol vurdular.
Qollar da nə qollar!? Adidən də adi, uşaq səhvləri. Birinci qolda komanda elliklə atılıb irəli, müdafiəni qoyublar
Coşqun Diniyevin ümidinə ki, birdən rəqib əks-hücuma keçsə, o, sığortalasın. Ay-hay!
Diniyevin uzaqlaşdırmaq istədiyi top, əksinə, sürətlə irəli şığıyan rəqib üçün ötürmə oldu, qapıçımız da sanki yatıb fil qulağında.
Situasiyanı dəyərləndirmək, ani qərar vermək qabiliyyəti sıfır. Mehdi Cənnətov ayılıb irəli atılınca, Yakovlev top qarışıq qapıdan keçdi.
İkinci epizod. Mərkəzdən başlayıb, dörd ötürməyə qol vurdular. Güvəndiyimiz müdafiəçi Polşa yüksək liqasında oynayan Rahil Məmmədov idi.
Onun da yanından Sinyavski yel kimi ötüb topu qapıya yönəltdi. Hər iki qolda sürət amili.
Üçüncü qolda Rokko Şeyni dayandıran tapılmadı və o, Estoniya - Azərbaycan milliləri arasında oyunlar üçün özlərinə xas rekodu müəyyənləşdirdi.
Estoniya tarixində ilk dəfə Azərbaycanla oyunlarda 3 qol vurdu. Bu da cənab Santuşa bizim futbolçuların yubiley “hədiyyə”si!
O boyda ad-san , titular…
Sizə lazım idi, 70 illiyi belə qeyd etmək?
Məşqçi karyeranızı hörmətli. əsəbinizi sakit bitirsəydiz, daha yaxşı olardı, hər halda Ronaldodan sonra belə oyuncularla işləmək məşqçi üçün özünəqəsd kimi br şeydir.
Slovakiyanı, İsveçi qoyduq bir kənara, Estoniyaya qarşı da oynaya bilmirsizsə, sizə niyə futbolçu deyək?
Tək Elvin Cəfərquliyevə afərin, bir necə ay əvvəlki tənqidlərdən nəticə çıxarıb, həm oyununda, həm meydandakı davranşında xeyli irəliləyiş var, “
Qarabağ”ın müdafiəçisi millinin də son oyunlarında meydanda can qoyur. Bizə məhz belə oyuncular lazımdır: can qoyan , döyüşən.
Amma komandanın yarısı Azərbaycan dilini, yarısı da himni bilmir. Belə milli olar?
Deyilənə görə, Santuşuun bəzi futbolçuların himni oxumadığını ilk dəfə görəndə, şoka düşüb. Ki, bunlar necə milli oyunmulardır ki, himni bilmir?
Bilirik, pul şirindir, sizi şirnikləndirib, hara gəldiyinizin fərqinə varmamısız, cənab Santuş! Ona görə də səfasını gördüyünüz kimi, indi cəfasını da çəkməlisiz.
Onsuz da, necə ildir deyirik ki, bizm probem məşqçi deyil. Bizə Foqts, Byazi, Santuş və s əcnəbilər lazım deyil.
Bu oyuncularla elə öz məşqçilərimiz də baş edər. Avropa səviyyəli oyunçu yetişdirəndə, avropalı məşqçi də gətirərik. Günah Santuşda yox, onu bura gətirənlərdədir.
Demək, onlar üçün əvvəlki səhvlərdən nəticə çıxrmaq, ictimai fikri nəzərə almaq kimi söhbətlər boş şeydir. Yoxsa bu məşqçi məsələsində eyni səhvi nə qədər etmək olar?
Ona görə də döşəyin AFFA-dan kimi tanıyıb-bilirsizsə, onun qabırğasına!
Belə görünür ki, adamlar özləri tənqiddən, hətta elələri var ki. söyülməkdən xoşhallanır.
Futbolçular da onlar kimi.
Ağası gülüm olanın başına külüm olar! Elə AFFA-nın belə də futbolçuları olar!
İlkin Fikrətoğlu