COP29

Santuş gözünün qabağında olan bu cür istedadı görmür?

16:40 Milli komanda 1 713
Santuş gözünün qabağında olan bu cür istedadı görmür?

“Səbail”in cari mövsümdəki oyunlarına baxanlar mütləq ki, diqqətini ona yönəldib.

Yarımmüdafiənin sağ cinahında yer alan solaxay “11 nömrə” – Rüfət Abdullazadə.

“Sumqayıt”ın yetirməsi olan vinger qeyri-adi futbolçular siyahısına aiddir.

Ruslar belə oyunçulara “neordinarnıy futbolist” deyir. Müəyyən mənada Araz Abdullayevlə Mahir Emrelini xatırladır.

Topu ayağına yapışdırmaqla cəld hərəkətlər edir, qarşısındakı 1-2 rəqibindən asanlıqla sıyrılır, vəziyyətə uyğun olaraq topu sağ və ya sol ayağına çəkib qapı qarşısına ötürmələr edir, lazım gələndə zərbə vurur.

Məhz bu keyfiyyətlərinin sayəsində geridə qalan 9 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.

Rüfət Avropada doğulsaydı, əminəm ki, bu gün adlı-sanlı klublardan birinin sırasında olardı. Çünki onda böyük futbolçular üçün tələb olunan talant var.

Apar qoy yanında yaxşı ifaçılar olan “Qarabağ”la “Sabah” kimi komandaların birinə, arxadan Marko Veşoviç dəstək versin, yanında Marko Yankoviçlə Yassin Benzia, ya da Cessi Sekidika ilə Coy-Lens Mikel olsun, gör nə oyun çıxarır.

Belə futbolçuların yanında yaxşı ifaçılar olanda, daha effektli görünürlər.

Təəssüflər olsun ki, Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Abdullazadəni görmür, ya da görməzlikdən gəlir.

Topu qabağına atıb qaçmaqdan başqa fövqəladə iş görməyən Ozancan Kökçü illərdir yığmadakı yerini bron etdiyi halda, göz önündə olan xalis azərbaycanlıya dəvət göndərilmir.

Bilmirəm, bəlkə də Santuş “Səbail”in matçlarına baxmır, bəlkə də baxanda fikri başqa yerdə olur. Diqqətlə baxdığı halda, Rüfəti görməyəcəyinə qəti inanmağım gəlmir. Axı Avropada bu tip futbolçuları əl üstündə gəzdirirlər.

23 yaşlı gənci indidən mütləq qazanmalıyıq. Sonra gec olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti