Azərbaycan seçməsi Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Estoniya yığması ilə qarşılaşacaq.
Oktyabrın 11-də meydana çıxacaq Fernandu Santuşun rəhbərlik etdiyi komandanın məqsədi ardıcıl məğlubiyyətdən sonra, nəhayət, qələbə qazanmaqdır.
Azərbaycanlı futbolsevərlər estonların son illərdəki uğursuzluğunu göz önünə gətirib, millimizdən 3 xal gözləyir ki, bunun nə dərəcədə mümkün olacağını 90 dəqiqənin tamamı göstərəcək.
Ümumiyyətlə, Estoniya yığması bizimkilər üçün uğurlu rəqib adlandırıla bilər? Hazırkı potensial bu rəqibi udmağa imkan verir? İndiyə qədərki şəxsi görüşlərdə hansı nəticələr qeydə alınıb?
Tarixə göz gəzdirəndə, Azərbaycan və Estoniya millilərinin müxtəlif yarışlarda 10 dəfə üz-üzə gəldiyini görmək mümkündür. Duellərin 5-də heç-heçə qeydə alınıbsa, 3-də rəqib qalib gəlib. Yerdə qalan 2 matçda üstünlük bizimkilərin tərəfində olub.
Statistikaya nəzər yetirək.
16.02.1996 Azərbaycan – Estoniya 0:0
01.03.1997 Azərbaycan – Estoniya 0:2
04.06.1997 Estoniya – Azərbaycan 1:0
16.05.1998 Estoniya – Azərbaycan 0:0
20.11.1998 Azərbaycan – Estoniya 1:0
06.03.1999 Azərbaycan – Estoniya 2:2
03.07.2002 Estoniya – Azərbaycan 0:0
15.11.2013 Estoniya – Azərbaycan 2:1
17.06.2023 Azərbaycan – Estoniya 1:1
13.10.2023 Estoniya – Azərbaycan 0:2
Bu oyunların ilk 8-i yoldaşlıq görüşləri çərçivəsində keçirilib. Yalnız sonuncu 2 oyun Millətlət Liqasında baş tutub ki, Canni de Byazinin rəhbərlik etdiyi kollektiv rəqibinə məğlub olmayıb. Hətta ötən ilin oktyabrın 13-də səfərdə qələbə qazanıb.
Azərbaycan seçməsi Estoniyaya sonuncu dəfə 11 il əvvəl, 2013-cü ilin payızında boyun əyib. Digər 2 yenilgi 1997-ci ildə qeydə alınıb. Daha bir maraqlı məqam 10 matçdan 3-də hesabın açılmamasıdır.
Millimizin hazırkı üzvlərinin hazırlıq durumuna və oynadığı klubların adlarını, eləcə də, statistikanı nəzər salsaq, cümə günü bizimkilər qələbə qazanmalıdır. Bu, baş verəcəyi halda, sözügedən millilərin şəxsi görüşlərdəki qələbə sayı bərabərləşəcək.
Oktyabrın 11-də “Le Kok Arena”da keçiriləcək Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ