COP29

Bir-iki zərbə, qol, vəssalam, əlasan, oğlum - PROBLEM

13 Sentyabr 23:00 Milli komanda 739
Bir-iki zərbə, qol, vəssalam, əlasan, oğlum - PROBLEM

Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası növbəti məğlubiyyətini Serbiyadan aldı.

Futbolçuları dünyanın dörd bir tərəfinə dağılışan ölkənin gəncləri bizimkiləri 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Qollar da nə qollar.

Curceviç uzaqdan “doqquzluğ”u dəqiq nişan aldı, Miyatoviç məhəllə futbolu oynayırmış kimi qarşısına çıxanları bir-bir yerə sərib topu Yusif İmanovun yanından tora qovuşdurdu.

Ondan sonra bizimkilər başladı, nə başladı. Sağdan-soldan, ortadan, driblinqlər, zərbələr – xeyrli olmadı. Hətta Nəriman penaltini də boşa verdi. Futboldan azca başı çıxan komanda serblərin qapısına azı 3-4 qol vurardı.

Milli hücum qurmasaydı, təhlükəli vəziyyət yarada bilməsəydi, qapısına “otursaydı”, baş məşqçi Samir Əliyevin yaxasından yapışmaq olardı ki, bəs, bu nə oyundur? Rəqibi niyə lazımınca analiz etməmisiniz? Necə hazırlaşmısınız?

Ancaq bu qədər qol imkanı yaxalayan komanda “çərçivə”yə düşə bilmirsə, günahı futbolçuların bacarıqsızlığında axtarmalıyıq.

Bəli, gənclərimizin ayaqları əsir, topa son zərbəni vurmaq baxımından əziyyət çəkirlər, ikili mübarizələrdə uduzurlar, 2-3 ardıcıl ötürmənin sonunu gətirə bilmirlər.

Ona görə ki, bu kimi elementləri onlara öyrədən olmayıb. Öz başlarına böyüyüb futbolçu olublar. Necə? Topu atıblar qabaqlarına, qaçıblar bu başdan o başa. Qapıya bir-iki zərbə, qol, vəssalam, əlasan, oğlum. Məşq qurtardı. Belə yetişiblər bizim uşaqlar.

Sabah da belə oynayacaqlar, 10 ildən sonra da. Çünki təməl yoxdur. Arxadan gələnlər də bir aşağı, bir yuxarı, onlar kimi olacaq. Akademiya və sistem anlayışı olmayan günə qədər irəli-geri qaçıb, topla bir-iki driblinq edən futbolçuları görəcəyik.

Ona görə də avropalılarla oyunlarda bizimkilər o qədər hay-küy edib hücum qurur, xeyri olmur. Rəqib bir dəfə hücuma çıxıb qol vurur. Məkətb keçiblər, futbolun təməl prinsiplərindən xəbərdardırlar, rahatdırlar.

Allah betər günlərdən qorusun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?