Dünən Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan - İsveç matçının nəticəsi fərqli də ola bilərdi.
Demirəm, yüz faiz İsveçi udardıq, amma ən azından heç-heçə edərdik.
Belə bir nəticə bəlkə də milli komandamıza qarşı olan ümidsizliyi bir qədər aradan qaldıra bilərdi. Amma yenə olmadı, bacarmadıq.
Ona görə “bacarmadıq” deyirəm ki, milli hamımızındır. Baxmayaraq ki, yenə şəxsi ambisiyalar millidən, onun şərəfindən üstün tutuldu. Buna qədərki baş məşqçilər tapşırıqla oradan-buradan gəlmə futbolçuları start heyətə salıb əsəblərimizlə oynayırdısa, bu dəfə bunu Ramil Şeydayev “bacardı”.
Matçın ilk hissəsinin son saniyələridir. Qonaqların qapısına penaltinin təyin edilib-edilməməsi üçün VAR-a baxılır. Biz ekran başında penaltinin olduğunu epizodun təkrarından dəqiqləşdiririk. Bu məqamda isə sən demə, Ramil Şeydayev təyin ediləcək penaltini yerinə yetirmək üçün topu kapitan Emin Mahmudovun əlindən mübahisə edərək alır.
Baş hakim Balaş Berke onbirmetrlik cərimə zərbəsini təyin edir və topa yaxınlaşan Şeydayev ələ düşən şansdan faydalana, fasiləyə millini hesabda irəli apara bilmir.
Təbii ki, məsələ futbolçunun penaltini qola çevirə bilməməsindən getmir. Belə məyusluğu dünyanın ən məşhur futbolçuları da yaşayıb. Hətta Kriştiano Ronaldonun penaltini dəqiq yerinə yetirə bilmədiyinə görə ağladığını da görmüşük. Bu, məsuliyyətin göz yaşlarıdır. Amma görəsən, Ramildə bu məsuliyyət varmı? Dünənkinə görə vicdan əzabı çəkirmi? Çətin...
Digər sual da odur ki, görəsən, penalti yerinə yetirməkdə usta hesab edilən futbolçularımızdan Emin Mahmudov topu niyə Ramilə bağışladı? Kapitan həlledici məqamlarda sözünü deyə bilmirsə, bəs o bazübəndi qoluna niyə taxıb? Görəsən, artıq milli karyerasını başa vuran və məşqçilikdə sözünü deyən Rəşad Sadıqova qarşı belə bir hərəkət etməyə kiminsə cəsarəti çatardı? Heç topa bir addım da yaxınlaşa bilməzdilər. Söhbət təbii ki, fiziki gücdən yox, xarakter göstəricisindən gedir.
Dünənki mənzərədən sonra aydın oldu ki, millidə həm də çox ciddi intizamsızlıq, özbaşınalıq var. Millinin baş məşqçisi Fernandu Santuş da mətbuat konfransında deyib ki, “Mən penalti olanda Emin Mahmudov” deyirdim. Emin Mahmudov isə məsələyə münasibətində “Ramil penaltini vurmaq istədi, verdim. Faciə yoxdur” bildirib.
Elə əsl faciə də budur. Heç kim millinin uduzmasını, o formanı daşımağın şərəfini, meydana çıxmağın məsuliyyətini dərk etmir.
İtaliya futbolunun əfsanələrindən olan Roberto Baccio 94-cü ilin mundialının finalında Braziliya ilə matçda həlledici penaltini qaçıranda uzun müddət özünə gələ bilməmişdi:
“İllər boyu bu, mənə təsir etdi. Karyeramın ən pis anı idi. Hələ də bu barədə düşünürəm. Karyeramdan bir anı silə bilsəydim, təbii ki, o an olardı”.
Aydın məsələdir ki, bu, böyük bir futbolçunun düşüncəsidir. Ramil Şeydayevin isə sadəcə, boyu yekədir - 1.87 sm.
Emin Səfərov