COP29

Eminin Ramilə demək istədikləri... SİLLƏ KİMİ SÖZLƏR!

6 Sentyabr 22:20 Milli komanda 21 025
Eminin Ramilə demək istədikləri... SİLLƏ KİMİ SÖZLƏR!

“Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur”.

Bu fikirlər Millətlər Liqasının birinci turunda keçirilən Azərbaycan İsveç matçında (1:3) Şeydayevin fasilə ərəfəsində penalı vurmamasını şərh edən Mahmudova məxsusdur.

Kapitanı yaxşı başa düşürəm. Ramil həm klubda, həm də millidə onun komanda yoldaşıdır.

Bəlkə həyatda da.

Belədə "11 nömrə"nin atdığı addımı ictimaiyyət qarşısında qınayası deyildi.

Etirazını topu ona gec verməklə aşkar etmişdi.

Mikrofon qarşısında isə sığal çəkməyi üstün tutdu.

Əminəm ki, ürəyində gizlətdiyi sillə kimi sözləri var. Amma demir.

Axı o da yaxşı başa düşür ki, Ramilin hərəkəti başdan ayağa problemdir.

Əvvəla, Emin həm "Neftçi"də, həm də millidə ştatlı penal vurandı. Düzdü, qaçırdığı da olub, amma ideala yaxın dəqiqliyi olduğu heç kəsə sirr deyil.

Elə Fernandu Santuş da açıqlamasında etiraf edib ki, oyundan əvvəl, oyunun gedişində onun qərarı Eminin vurmasından yana olub.

Digər tərəfdən Eminlə bağlı problem yaransa, Toral Bayramov kimi alternativ var. Adam son dönəmlər "Qarabağ"ın xeyrinə bir çox kritik vuruşların müəllifi olub.

Amma Şeydayev nə baş məşqçinin sözünü saydı, nə Mahmudova hörmət etdi. Toralı isə görməzdən gəldi.

Yekunda uğursuz olmaqla tribunalarda və ekran qarşısında əyləşən milyonlarla azərbaycanlının əsəblərilə oynamış oldu.

Bəlkə də qələbəni ayağının ucu ilə Viktor Yohanssona ötürdü.

Sonu da hər kəsə məlumdur. Belə komanda yoldaşı olmaqdansa, səssiz daş daha yaxşıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti