Millilərin oyunlarına görə yaranan fasilə başa çatdı.
Artıq həftəsonu ölkə çempionatları qaldığı yerdən davam edəcək.
Fasilə müddətində millimiz də iki beynəlxalq matç keçirdi. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv əvvəlcə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanı qonaq etdi.
Bu görüşdə 0:1 hesabı ilə uduzan yığma, dünən beynəlxalq yoldaşlıq matçı çərçivəsində İordaniya ilə qarşılaşdı. "Dalğa Arena”da baş tutan görüş millimizin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bəli, uzun müddətdən sonra qələbə görmək bizə nəsib oldu. Lakin rəsmi görüşlərdə, bir qədər də konkretləşdirsək, AVRO-2024-ün seçmə mərhələsində baş tutan son dörd matçda ardıcıl məğlubiyyətlər və xal itkilərinin ardından yoldaşlıq görüşündə qazanılan qələbənin hansı əhəmiyyət daşıdığını demək çətindir. Bəlkə də qələbəyə görə baş məşqçiyə və futbolçulara veriləcək "mükafat” baxımından onlar üçün hansısa məna daşıyır. Açığı, şəxsən mənim üçün isə o qədər də əhəmiyyəti yoxdur. Əminəm ki, futbol camiəsində eyni fikirdə olanların sayı heç də az deyil. Bu cür nəticələr bizə daha çox seçmə mərhələdə lazım olduğu halda yoldaşlıq görüşlərində qazanılır. Həə özünəinam deyirsinizsə, boş söhbətdi. Yoldaşlıq görüşündə nə özünəinam? Nə baş verəcək ki, Belçikanı səfərdə udacağıq? Yoxsa qapımızı aşsüzənə döndərən Avstriya (1:4) ilə İsveçi (0:5) revanş matçında eyni hesabla yenəcəyik? Düzdür, İordaniya FİFA-nın reytinqində bizdən daha yüksək pillələrdə yer alır. Amma bu onların mütləq güclü olması anlamına gəlmir. Oyunlarını hamımız gördük və deyə bilərəm ki, yuxarı-aşağı, bizimlə eyni səviyyədə idilər. Nəticə də bunu göstərdi. Bununla belə, geniş mənada nəsə qazandığımızı, böyük bir iş gördüyümüzü, ən azı mən düşünmürəm.
Ancaq görünən odur ki, Canni De Byazi və futbolçular hamımızdan çox sevindi. Açığı, italyan mütəxəssisin oyunsonrası açıqlamasını oxuyanda bunu hiss etməmək mümkün deyil:
"Belçika ilə oyunda çox enerji sərf etmişdik. Bu gün daha YAXŞI çıxış edə bilərik. Gözəl oyun alınmasa da, istəyimizə nail olduq. Meydança da YAXŞI vəziyyətdə deyil. Futbolçular ot örtüyünə görə topu daha YAXŞI qəbul edə bilmirdilər. Dünən də dediyim kimi, rəqibin YAXŞI futbolçuları var. Bizim üçün YAXŞI sınaq oldu. Həm Belçika, həm də İordaniya ilə görüşlərdə YAXŞI oyun sərgilədik..."
Qısa açıqlamasında "yaxşı” sözündən demək olar, hər, hətta narazılığını bildirdiyi cümlələrdə belə istifadə etməsini onun böyük sevincinin göstəricisi kimi də qələmə vermək mümkündür. Yəni ürəklə işlətməyə imkan tapdığı üçün, demək olar, bütün cümlələrində bu sözə xüsusi yer verib. Düşünürəm ki, bu "yaxşı"lar həm də futbol ictimaiyyətində yaxşı əhval-ruhiyyə yaratmaq mənasında istifadə olunan ifadələrdir. Mütəxəssis ardıcıl uğursuzluqlardan sonra psixologiyamızda millimizin yaxşı futbol oynaması barədə təsəvvür yaratmaq istəyir. Bəs mən buna inanırammı? Xeyr, çünki həqiqətən belə deyil…
Təsəvvürümüzdə nə yaratmaq istəyirsiniz bilmirəm, cənab De Byazi, amma hər şey YAXŞIDIR! Qələbə və buna görə alacağınız mükafat da YAXŞIDIR. Çox YAXŞIDIR! Qəhrəmanlıq göstərib qazandığınız qələbənizi gördükdən sonra əhval-ruhiyyəmizi YAXŞILAŞDIRMAĞA çalışırıq. Ancaq bir az da futbolumuzun inkişafını düşünənlər tapılsa və əməlləri ilə bunu sübut etsə, əminəm ki, lap YAXŞI olacaq! (qaynarinfo)
Səbuhi Həsənov