UEFA Millətlər Liqasının bu mövsümü Azərbaycan futbolu üçün fiasko ilə bitdi.
6 oyuna cəmi 1 xal qazanan, 3 qol vurub, 17 top buraxan yığmamız C Liqasında Litva ilə yanaşı, ən zəif nəticə göstərən komanda kimi yuvarlandı
D Liqasına. Heyətində yarımpeşəkarların oynadığı Andorra, Lixtenşteyn, Cəbıllütariqin yanına. Həmişə yuxarıdan aşağı baxdığımız San Marinonun adını bu kampaniyada çəkə bilməyəcəm, cünki indi onlar bizə yuxarıdan aşağı baxır. C Liqasında bizim yerimizi tutublar.
Bizim üçün bir futbol rəzalətidir bu! Ona görə rəzalətdir ki, D Liqasında yoldaş olduğumuz ölkələrin heç birinin futboluna ildə dövlətdən 35-40 milyon manat ayrılmır.
Rəzalətdir ona görə ki o ölkələrin heç birinin klubu Avroliqanın pley-offunda, indiki reqlamentlə əsas mərhələdə oynamır. Bəzilərinin heç normal daxili çempionatı yoxdur.
Bizim futbol sistemimiz isə o qədər kəllə-mayalqdır ki, ortada Andorradan da yekə paradoks var: klubumuzdan Avroliqada pley-offa çıxmağı tələb edirik, millimizi isə D Liqasında «cırtdanlar»ın arasında basdırırıq.
«Qarabağ»la milli arasındakı uçurum qədər fərq Azərbaycanda keyfiyyətli futbolçu yoxluğunun bariz nümunəsidir.
«Qarabağ» əsasən legionerlırin hesabına müəyyən uğurlar qazanır, milli isə qalıb bir dəstə yarıtmaz futbolçunun əlində.
Fuad Musayev, Ramiz Mirzəyev, Rövnəq Abdullayevin dönəmində millinin belə biabırçı məğlubiyyətləri olmuşdu, futbolçularımız Rövşən Nəcəfi də çox intizarda saxlamadılar, AFFA-nın yeni prezidentinə də ilk 0:6-nı “hədiyyə” etdilər.
Allah betərindən saxlasın!
Bu keyfiyyətsiz oyunçu yığını Stokholmda İsveçdən 6 cavabsız qol “yeyərək”, ölkə futbolunun tarixinın növbəti rüsvaycı səhifəni yazdılar.
Oynayıb uduzsalar, adamı bu qədər yandırmaz. Oyun başlamadan məğlubiyyətlə barışıb meydana çıxmışdılar sanki.
Kim şübhə edirsə, qolların təkrarına bir də baxsın. İsveçlə matçda yalnız 6 qol buraxsa belə, az-cox qapıçı Rza Cəfərovu və son vaxtlar oyununda irəliləyiş hiss olunan Coşqun Diniyevi fərqləndirmək olar.
Bu komandanın bəxti gətirib ki, bura 90-cı illərin İraqı deyil. Yoxsa Səddam Hüseynin oğlu Uday belə məğlubiyyətə görə Bağdadın ortasında onları şallaqlayardı.
Əslində, bizim ümidimiz Qəbələdə ölmüşdü - Estoniyanı məğlub edə bilməyəndə. Komandanın lideri Mahir Emreli hesab olunur.
O da Slovakiya ilə matçda aldığıı yersiz qırımızı vərəqəyə görə estonlara qarşı oynamadı, həmin qarşılaşmada az-çox qol ümidimiz də belə öldü. İndi İsveçə 0:6 uduzduqdan sonra göz yaşı tökməyin nə mənası var, ay Mahir?
Bizim hazırda ən yüksək səviyyəli çempionatda oynayan tək oyunçumuz sənsən, sən də komandanı arxanca apara bilməyəndə, kimə ümid bəsləyək?
Stokholmda oyundan əvəvl demişdin ki, əlindən gələni edəcəksən. Nə əlindən. nə ayağından nəsə gördük.
Gələcəyimiz Nəriman Axundzadə hesab olunur, o da qapıçıyla təkbətək qalanda özünü itirib ayağını ayağına dolaşdırdı.
Digər gənc Zamiq Əliyev həyacandan özünü də, topu da itirir, Bəhlul Mustafazadə az qala rəqibdən oynayır, Musa Qurbanlını meydanda tapmaq olmur,
Ramil Şeydayevlə Amin Seydiyevdən də danışmağa dəyməz.
Əlbəttə, belə oyuncuları olan komandanın baş məşqçisindən nəsə gözləmək olmaz və gözləmirik də. Amma həmin baş məşqçi əgər azarkeşi axmaq hesab edib,
2028-də Avropa çempionatına vəsiqədən danışırsa, onun da cavabı verilməlidir. Mətbuat konfransında bu sualı Fernando Santuşa verdim ki, 5 aydır gəlmisən, Azərbacan futbolunu və bu oyunçuları bizim qədər tanıya bilməzsən.
Bunlarla böyük hədəflər uğrunda mübarizıə aparmaq mümkünsüzdür. Ona görə özünü nağıllara, xəyallara inandırmısansa, bizi o nağıllara inandırmağa çalışma.
Bu komanda ilə nə AVRO-2028? Ümumi sözlərlə cavablandırıb yola verdi. Santuşu başa düşürəm, Berit Foqts, Canni de Byazi də bura təqaüdə çıxmaq üçün gəlmişdilər, bacardıqca çox qalıb pul qoparmağa çalışırdılar.
Foqts 6 il, De Byazi 3 il pulumuzu yeyib, Santuşun indi danışdığı nağılı danışıb getdilər, getdikdən sonra da heç bir kluba, komandaya lazım olmadıqları, başqa sözlə, bizdən başqa kimsəni hərifləyə bilmədikləri göründü.
Santuş çox alicənab insandır, medianın ən kəskin suallarına səbrlə, hörmətlə yanaşıır, de Byazi kimi tərbiyəsizlik etmir. Amma o da de Byaziliyi başqa cür edir.
Yaşına görə Santuşun indi nəvələrinə nağıl danışan vaxtıdır, təəssüf ki, gəlib nağılı bizə danışır.
Özünə də dedim ki, biz belə nağılları cox eşitmişik, oyunçularımızı da yaxşı tanıyırıq, ona görə inanmırıq.
O da sağ olsun, Estoniya ilə matçdan sonra açıqca dedi ki, mən sizə ümid vermirəm, sadəcə, inanıram ki nəyisə dəyişə bilərəm.
Heç nəyi də dəyişçə bilməyəcəksən, Santuş müəllim! Biz media. azarkeşlərin əksəriyyəti bilirik ki, bu oyunçularla uğur qazanmağın mümkün deyil.
Baş məşqçi kim olur olsun, hazırda onluq bir iş yoxdur, Amma gərək baş məşqçi özü də bilsin ki onluq bir şey yoxdur.
Yoxsa Santuş da Foqts və De Byazi kimi dirəşib ki. yox e, mən konfet düzəldəcəm.
İlkin Fikrətoğlu