
Hansısa möcüzə baş verməsə, cari mövsümün yekununda Premyer Liqaya vəsiqə qazanacaq komandalardan biri “Qəbələ” olacaq.
Bölgə təmsilçisinin 1 illik fasilədən sonra elitaya qayıtması və kollektivə “İnter”dəki fəaliyyətindən tanıdığımız Kaxaber Tsxadadzenin rəhbərlik etməsi mübarizəyə əlavə rəng qatacaq.
Gürcü çalışdırıcı ilə söhbət etməkdə məqsədim əsasən I Liqadakı vəziyyətlə bağlı olsa da, fürsətdən istifadə edib son həftələrin aktual mövzularına – klub sayının artırılması, legionerlərə qoyulan limitin aradan qaldırılması – toxunduq.
- Cənnət Qəbələdə özünüzü necə hiss edirsiniz?
- Elə cənnətdəki kimi (gülür). Hər şey yaxşıdır. Yaxşı ki, oyunumuz dünən oldu. Gecə qar dayanmayıb, indi də hər yer ağappaqdır. Hətta bayıra çıxmaq mümkün deyil. Uşaqlara halal olsun, bu cür hava şəraitində meydanı möhtəşəm vəziyyətə gətirmişdilər. İnfrastruktur məsələsində “Qəbələ” “1 nömrə”dir, bunu hamı bilir.
- Premyer Liqa I Liqadan necə görünür?
- Premyer Liqa bu mövsüm inanılmaz dərəcədə inkişaf edib. Çox bəyənirəm. Adi nümunə deyim, bu gün bir komandalar “Qarabağ” kimi rəqibə baş ağrısı yarada bilir. O gün “Səbail”lə matça baxdım. Təxminən 70 dəqiqə bərabər səviyyədə oyun getdi, “Səbail” nə qədər qol imkanı yaratdı. Hər şeydən əvvəl oyun keyfiyyətinin ən üst səviyyədə olması idi. “Araz-Naxçıvan”ı götürək, görün, necə ağıllı futbol oynayırlar, nəticələr göstərirlər. Mən həmişə deyirəm, liqanın keyfiyyətini artırmaq üçün səviyyəli legionerlərə ehtiyac var. 10-15 il əvvəli yadınıza salın. “Neftçi”də, “Xəzər Lənkəran”da, “Bakı”da, “İnter”də nə qədər keyfiyyətli legionerlər var idi. Ona görə də Premyer Liqada qırğın gedirdi, 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı.
- Keyfiyyətli legionerləri cəlb etmək üçün yaxşı pul olmalıdır axı.
- Pul indi də var. Kim deyir yoxdur? Dövlət səviyyəsində Premyer Liqa klublarına yaxşı məbləğlər ayrılır, bəzi klubların əlavə sponsorları var. Önəmli olan klubların seleksiya işini düzgün qurmasıdır. Bu mövsümdə məhz seleksiya işini çox bəyənirəm, yaxşı futbolçular dəvət olunur. Bu düşüncə və yanaşma ilə davam etsələr, Premyer Liqa yaxın 1-2 ildə çox inkişaf edəcək.
- Premyer Liqaya qayıdacağıq. I Liqada vəziyyət necədir?
- Əlbəttə, burada çətinliklər çoxdur. Biz bunu gözləyirdik və demək olar hazırlaşmışdıq. Premyer Liqadan aşağı liqaya düşəndə ilk növbədə maddi baxımdan əvvəlki vəziyyət olmayacağını bilirdik. Premyer Liqada 8-10, bəlkə də daha çox legioner cəlb edə bildiyin halda, I Liqada belə bir imkanın yoxdur. Həm maddi vəziyyət, həm də limit imkan vermir. Üstəlik, elə legioner gətirməlisən ki, yerlilərdən fərqlənsin, üstün olsun. Yerlidən üstün olmayan əcnəbi mənə lazım deyil. Heyətdə 25 futbolçumuz var. Onların neçə faizinin “Qəbələ” akademiyasının yetirməsi olduğunu bilirsiniz?
- 10 nəfər?
- Bir az da çox. Komandanın tən yarısı, 50 faizi akademiyanın uşaqlarıdır. Bəlkə də çoxlarının bundan xəbəri yoxdur. Düşünürlər ki, yalnız legionerlərin və təcrübəli azərbaycanlıların hesabına nəticə qazanırıq. Akademiyanın yetirmələri bizə bu il çox kömək edirlər. Bu mənada yaradılan şəraiti, rəhbərliyin komandaya münasibətini və mükəmməl infrastruktu qeyd edə bilərəm. Əminəm ki, “Qəbələ” akademiyasına və infrastrukturuna görə Premyer Liqanın bir neçə klubundan üstündür.
- Ən çox diqqətinizi çəkən, könülünüzü oxşayan nədir?
- Futbolçuların işə yanaşması, istəkli olması, həm oyun, həm də daxili intizam qaydalarına əməl etməsi. Və ən çox sevindiyim məqam komandada çox-çox ciddi rəqabətin olması. İstənilən futbolçu digərini layiqincə əvəz edə bilir. Sizə bir fakt deyim.
- Buyurun.
- Çempionata bir heyətlə başlamışdıq və o cür də davam edirdik. Oktyabrda kubok mübarizəsi başladı və biz də qoşulduq. “Baku Sportinq”lə oynayırdıq. Çempionatda güvəndiyim “11-liy”i başdan-ayağa dəyişdim, yalnız Səlahət Ağayev qalmışdı qapıda. Heyətdəki 10 dəyişikliyə baxmayaraq, rəqib üzərində 4:0 hesabı ilə qələbə qazandıq. Bu, futbolda hər bir baş məşqçini sevindirə biləcək. çox vacib amildir. Futbolçuların fərdi hazırlığı, bununla bərabər komandanın oyun intizamı yerindədirsə, yaxşı nəticələr özü səni tapacaq. Məhz bunun sayəsində bu gün layiq olduğumuz yerdəyik.
- Liqada sizi ən çox yoran, bezdirən, narahat edən nədir?
- Futbolun inkişafından danışırıqsa, əlverişli meydanların olması ən vacib şərtdir. Futbolçu nə qədər bacarıqlı olur-olsun, yaxşı qazon yoxdursa, o uşaq inkişaf etməyəcək. Xüsusən təbii örtükdə keçirilən matçlarda oyun keyfiyyəti az qala sıfıra bərabərdir. Buna futbol deməyə də adamın dili gəlmir. “Karvan” kimi komandaya ürəyim ağrıyır. Çox yaxşı komandaları var, ancaq meydanları biabırçı vəziyyətdədir. Dünən bizə qarşı Qəbələdə ideal qazonda çıxış etdilər, sizi inandırım, məğlub olmalarına baxmayaraq, çox gözəl futbol nümayiş etdirdilər.
- I Liqadakı keyfiyyət, rəqabət, şərait “peşəkar” statusunu haqq edir?
- (davamı olacaq)
HƏBİB