"Neftçi"nin Türkiyənin Ərzurum bölgəsində məskunlaşdığı oteldə azarkeş izdihamı yaşanıb.
Buna səbəb "Fənərbaxça"nın əfsanəsi Aleks De Souzanın baş məşqçisi olduğu "Antalyaspor"un da eyni oteldə olmasıdır.
Braziliyalı ulduz üçün otelin yolunu tutanların sayı o qədər çox olub ki, hətta veteran futbolçu üçün xüsusi mühafizə xidməti ayrılıb.
Azarkeşlərdən fərqli olaraq "Neftçi"nin üzvlərinin məşhur futbolçu ilə ünsiyyət qurmalarına kimsə mane olmayıb.
Gənc mütəxəssislə xatirə fotosu çəkdirənlər arasında Qara Qarayev, Emin Mahmudov, Yuri Matias kimi adlar yer alıb.
Hətta yaxınlıqdakı bir başqa oteldə qalan digər təmsilçimiz "Araz Naxçıvan"ın yeni transferi Ramon Maçado da həmyerlisi ilə görüşə gələnlər arasında yer alıb.
Maraq üçün bildirək ki, 46 yaşlı veteran yarımmüdafiəçi 2004-2012-ci illər aralığında İstanbul nəhənginin formasını geyinib.
O, "Fənərbaxça" forması ilə meydana çıxdığı 344 matçda 171 qol, 146 məhsuldar ötürmə ilə yadda qalıb.
Məşhur "10 nömrə" Braziliya millisində keçirdiyi 48 oyunda isə aktivinə 12 qol yazdıra bilib.
XANOĞLAN / SPORTİNFO.AZ