TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir.
Sportinfo.az xəbər verir ki, özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.
Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir.
Yenisabah.az Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır.
Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır.
Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən sıraya yazılmaq lazım olur.
Çaqayev “TikTok” və “Instagram”ın aktiv istifadəçisidir, onun “TikTok” səhifəsinə 860 000 izləyici abunə olub, baxışlarının sayı isə 20 milyonu keçib və artmaqda davam edir.
Onun məşqlərdə çəkilən videoları sosial şəbəkədə yayılaraq qlobal TikTok tendensiyalarına çevirilib.