
O gün qarşıma Mahir Şükürovun müsahibəsi çıxdı.
“İdman” TV-də təcrübəli həmkarımız Siyavuş Əliyevin qonağı idi. Milli komanda və ölkə futbolu ilə bağlı sualları cavablandırırdı.
Və hər üç cümlədənbir qürurla “bizim vaxtımızda” deyib, dövrlər arasında müqayisə aparırdı.
Keçmiş “4 nömrə” vaxtın azlığına görə çox şeyi açıq danışa bilmədi. Bəlkə də abır-həya etdi. Bəlkə də utandı ki, dedikləri xoş qarşılanmaz.
O dövrün canlı şahidi olan biri kimi yaxın keçmişdən danışım, siz də yaxın oturub qulaq asın.
Mahirgilin vaxtında Azərbaycan yığması az qala hər matçda uduzurdu, oyundan sonra futbolçular küçədə rahat-rahat gəzirdilər.
Mahirgilin vaxtında millinin az qala yarısı gəlmələrdən ibarət idi, azərbaycanlı futbolçulardan heç kim əcnəbilərə artıq söz demirdi, etiraz etmirdi.
Mahirgilin vaxtında Ernani, Usim, Fabio, Markus, Daniel himnimizi oxumurdu, bizimkilər də basıb gözlərini çıxartmırdı.
Mahirgilin vaxtında milli üzvlərindən 3-5 nəfər legioner həyatı yaşamağa həvəs göstərirdi, gedən də uzağı bir ilə qayıdırdı.
Mahirgilin vaxtında – 2011-ci ildə Azərbaycan futbolunun 100 illik bayramı idi, onda da Qazaxıstana uduzmuşdular.
Mahirgilin vaxtında səfər oyunlarından telefon, televizor, bilgisayar almadan qayıdan futbolçulara pis baxırdılar.
Mahirgilin vaxtında AFFA rəhbərliyi dünya futbolunda görünməyən hadisəyə imza atıb heç-heçəyə, hətta məğlubiyyətə görə pul mükafatı verirdi, futbolçular da bəh-bəhlə qatlayıb qoyurdular ciblərinə.
Mahirgilin vaxtında millidə hamı lider idi. Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Elnur Allahverdiyev. Ona görə də birinin sözü o birinin boğazından keçmirdi.
Mahirgilin vaxtında futbolun mənəvi dəyərləri ayaqlar altında gəzirdi. “Neftçi”nin futbolçusu 5 manat artıq pula görə əzəli rəqib “Xəzər Lənkəran”la müqavilə bağlayırdı. Ya da əksi olurdu.
Mahirgilin vaxtında milli üzvlərindən heç kim özündə cəsarət tapıb efirlərdə, kameralar önündə Rövnəq Abdullayevlə Elxan Məmmədovun Azərbaycan futbolunun “anasını ağlar qoyduğunu” demirdi.
Mahirgilin vaxtında millinin formasını geyinənlərdən İlqar Qurbanov indi AFFA üçün çəpik çalır, Kamran Ağayev məşqçilər korpusunda pul qazanır. Biabırçılıqla bağlı danışmağı özlərinə rəva bilmirlər.
Rəhmətliyin nəvəsi, o boyda şəxsiyyət Anatoli Banişevski “bizim vaxtımızda” deyib öyünmürdü. İsgəndər Cavadov 80-ci illəri xatırlayanda, pauza verir ki, birdən nəyisə səhv deyərəm.
Azərbaycan futboluna pullar sizin vaxtınızda axmağa başladı, rəhbərlik səviyyəsində anarxiyanın kökü də o dövrdə quruldu. Vaxtında başınız pul saymaqdan açılsaydı, tənqid edərdiz, üsyan edərdiz, ildə bir məşqçi dəyişən başbilənlərə hansısa formada etiraz edərdiz, biz də görərdik.
Kreslonu sağa-sola fırladıb “bizim vaxtımızda” deməklə deyil ki.
HƏBİB / SPORTİNFO.AZ