İdman və qeyri-idman mediasında, eləcə də sosial şəbəkələrdə “Qarabağ”a dair xoşagəlməz yazılar, tənqidi mülahizələr, ehkamlar, replikalar var.
Bu təkcə tənqid deyil, sağlam tənqid olsa, haqlı olardı.
Burada bir qisasçılıq, kəmfürsətlik, əzib xıncım-xıncım etmək təmayülü hiss olunur.
Sanki “Qarabağ”ın illərlə davam edən uğurlu marafonuna görə məyus olanlar, bunu həzm edə bilməyənlər səbrlə oturub gözləyiblər, indi əllərinə fürsət düşüb, qisas alırlar.
Söz yox, bu il “Qarabağ”ın Avropada oyunu alınmadı. Lap əvvəldən işlər pis getdi. Bir neçə oyundan sonra artıq bəlli oldu ki, “Qarabağ” bu mövsüm əvvəlki triumfal marşını təkrar edə bilməyəcək.
Bunun bir çox səbəbi vardı, buna sonra qayıdarıq.
Ancaq öncə onu deyək ki, dünya miqyasında hansısa bir komandanın 3 il ard-arda uğurlu çıxışı mümkün olmur. Bir komanda nadir hallarda 2 il ard-arda beynəlxalq miqyaslı mükafat qazana bilir.
Söhbət Çempionlar Liqasının, Avroliqanın və ya Konfrans Liqasının çempionu olmaqdan gedir. Yoxsa öz ölkəsinin kuboklarını ard-arda qazanan futbol komandaları çoxdur. Hər ölkədə mütləq elə komandalar var.
Yeri gəlmişkən, “Qarabağ” da onlardan biridir. Artıq illərdir ki, “Qarabağ” Azərbaycan çempionu statusunu heç bir komandaya vermir.
Amma “Qarabağ” milyard dollarlıq büdcəsi olan “Real”, “Barselona”, PSJ və ya “Mançester Siti” deyil. Heç o komandalar da nə beynəlxalq arenada, nə də öz ölkələrində ardıcıl çempionluqlar yaşaya bilirlər.
Bir zamanların “Mençester Yunayted”i haradadır? Aleks Fergüssonun vaxtında ard-arda İngiltərə çempionu olur, ÇL-də yarımfinal, final oynayırdı. İndi öz çempionatlarında 5-ci yeri tutanda sevinirlər ki, heç olmasa avrokuboklara qatıla biləcəklər.
Eyni sözləri “Çelsi”, “Milan”, “Bavariya”, “Atletiko”, “Yuventus”, “Bayer”, “Liverpul” kimi komandalar haqqında da demək olar. Onlar da gah tərəqqi, gah tənəzzül dövrü yaşayırlar.
İndi “Qarabağ”ın tənəzzül dövrüdür. Buna səbəb olan amillər sırasında nəsil (generasiya) dəyişikliyini, mental yorğunluğu, daxili çempionatdakı rəqibsizlik sindromunu, həmişə uğurlu olduğu halda bir dəfə də uğursuz olan transfer siyasətini, “müvəffəqiyyətdən başgicəllənmə” deyilən şablon, amma gerçək qüsuru (və s.) göstərmək olar.
Hər halda, bunu “Qarabağ” futbol təsərrüfatını idarə edənlər daha yaxşı bilirlər və yəqin ki, idman yazarlarından, azarkeşlərdən daha artıq ciddiyyətlə araşdırırlar.
Ona görə də “Qarabağ”ın dağılması, çökməsi, bitməsi, Qurban Qurbanovun getməsi, göndərilməsi, getməli olması, bundan artığını bacarmaması barədə yazılanlar, deyilənlər əbəsdir. Bu, arzuların gerçəklik kimi dilə gətirilməsidir.
Başqa sözlə, “Qarabağ”ın beynəlxalq arenadakı cari uğursuzluğu normal və labüd tənəzzül vaqiəsidir. Başqa cür olsaydı, “Qarabağ” bu il də “Atetiko”, “Braqa”, “Bayer” kimi komandaların dizini yerə gətirsəydi, bu, fenomenal hadisə olardı.
Onsuz da “Qarabağ” Azərbaycan azarkeşlərinə o cür fenomenal nəticələri çox bəxş edib. Bu il alınmadı.
Bizim azarkeşliyimiz də bu cürdür. Biz əslində Bəhramov adına stadionu ləbələb dolduraraq, Bakını Milana, Madridə, Liverpula oxşadanda “Qarabağ”ın ətrafında sıx birləşməmişdik. Bu, qələbə görməmişliyindən irəli gələn, Azərbaycan futbolunun yüksəlişinə əmin olmaq istəyənlərin kütləvi coşqusu idi.
Biz qələbəyə inandığımız üçün stadiona axışırdıq. Adı “Ağdamın “Qarabağ” klubu” gedirdi, amma bu komandanın qələbəsini arzu edənlərin sırasında ölkəmizin bütün mahallarının, o cümlədən Borçalı, Göyçə, Dərbənd, Təbriz kimi elatlarının da oğul-qızları vardı. “Qarabağ” bütün Azərbaycanın və azərbaycanlıların komandasıydı.
Yuxarıdakı cümlədə keçmiş zaman şəkilçisi ona görə yer aldı ki, son oyunlarından sonra “Qarabağ”ın oyununa baxmaq üçün stadiona gedənlərin sayında ciddi azalma müşahidə olundu. Bu, “Qarabağ”dan üz döndərmə demək deyil.
Bu, o deməkdir ki, bundan sonra silsilə və parlaq qələbələr qazanmayacaqsa, biz “Qarabağ”a əvvəlki kütləvilikdə azarkeşlik etməyəcəyik. Əgər onun yerini “Turan” və ya “Araz” doldursa, biz də onların oynadığı stadionları dolduracağıq.
Yəni bizim futbol azarkeşliyimiz klub azarkeşliyi deyil, milli futbol azarkeşliyidir. Dünənə qədər milli futbolun flaqmanı “Qarabağ” idi. Əslində hələ də elədir. Bir neçə aydan sonra başlayacaq yeni Avropa macərası “Qarabağ”ın o bayrağı necə və haraya qədər daşımaq əzmində olduğunu göstərəcək.
Son söz: Ölkəmiz beynəlxalq arenada nə boyda, nə gücdədirsə, “Qarabağ” da o boyda, o gücdədir. Buna şükür edək və arzulayaq ki, ölkəmiz də bundan daha artıq güclü olsun, “Qarabağ”ımız və beynəlxalq arenaya çıxan o biri komandalarımız da. Məşhur ifadəni ana dilimizdə perefraz edərək belə deyək: “Hələ axşam deyil”.
Xalid Kazımlı,