Azərbaycan millisinin şərəfini qoruyan şərəfli futbolçulardan bəhs edirəm.
Vay o günə ki, millinin heyətində hansısa biri qolu vura, qolun ötürməsini verə, ya da möcüzə sayəsində qələbəyə sevinə.
Vəssalam, gözlərimizdən alov çıxacaq sosial şəbəkələrdəki paylaşımlarına baxmaqdan. Biri “+3 points” yazacaq, o biri vurduğu qolun videosunu 50 rakursdan paylaşacaq, bir başqası etdiyi paylaşıma yazılan şərhləri həvəslə gözləyəcək. Sözün əsl mənasında fenomen obrazı yaradacaq.
Udanda, xal qazananda qabaqlarında dayanmaq olmur. Sosial şəbəkələrdəki fəallıqları bir tərəfə, qolları bədənlərinə yaxın gəlmir e.
Siz bir də onlara uduzulan matçdan sonra baxın. Siçan deşiyi olsa, sizi inandırım, imkan tapıb ora da girərlər. Adamlar rəsmən yoxa çıxırlar, gizlənirlər.
0:6-dan sonra bir-bir Stokholm faciəsinin səbəbkarlarının “instagram” səhifəsinə göz gəzdirdim. Ki, baxım nə yazıblar, nə paylaşıblar, hansı formada üzr istəyiblər.
Ay-hay, nəsə tapdımsa. Klublarında bir neçə gün və həftələr öncəki sevinc dolu paylaşımlardan başqa rastıma heç nə çıxmadı. Heç elə bil ki, Azərbaycan yığması oynamayıb, estonlarla bərabərə qalıb, isveçlilərdən 6 top buraxan bunlar olmayıb.
Futbol oynaya bilməməkləri cəhənnəm. Deyək ki, bunun səbəbkarı illərdir ölkə futbolunu uçuruma sürükləyən AFFA rəhbərliyidir. Bəs, adicə etiket qaydası? Bəs, sosial şəbəkə fəallığı? Bəs, üzrxahlıq?
Onu etmirlər, etməzlər də. Çünki qınağı qəbul etmirlər. Əmindirlər ki, qınaq olacaq, tənqid və təhqir yağacaq. Sevilməyi sevirlər, tənqidklə barışmırlar. Ona görə də böyüyə bilmirlər.
HƏBİB