Ötənlərdə çay süfrəsində “Qəbələ” rəsmilərini kədərli görüb səbəbini soruşuram.
Dedilər, mərkəz müdafiəçisi tapa bilmirik.
Təsəvvür edirsiniz, on milyonluq ölkədə birinci divizionda oynaya biləcək azərbaycanlı mərkəz müdafiəçimiz yoxdur. Elə bil, döyüşə atılmaq istəyirik, nə top-tüfəngimiz var, nə də atmağa adi gülləmiz.
Təkcə bumu? “Kəpəz” ev oyunlarını Tovuzda, “Araz Naxçıvan” da Bakıda oynayır. “Sumqayıt” çimməyə isti su tapmır. Hələ o gün də tələm-tələsik “Xankəndi” klubu yaradıblar, o da ev oyunlarını Şamaxıda keçirəcək. Şamaxı ilə Xankəndi arasındakı məsafə nə qədərdirsə, axşamkı “Qarabağ”la “Ayaks” arasındakı səviyyə fərqi o qədər idi.
Çoxu Ağdam klubunun nəinki Niderlandın, hətta Avropanın adlı-sanlı klubuna uduzmağını biabırçılıq, fiasko adlandırır. Hətta artıq komandanın baş məşqçisi, son nəfəsinədək “Qarabağ”ın “sükanı arxası”nda görmək istədiyimiz Qurban Qurbanovu istefaya səsləyənlər də var.
Təbii ki, tənqid olunacaq xeyli səbəb var və olunmalıdır da. Məsələn, axşam matçın hələ başlanğıcında Julio Romaonun meydanın mərkəzində qırmızı vərəqə alıb komandasını azlıqda qoyması, Bakıda yağış nəticəsində tunelin su ilə dolmasına səbəb olacaq qədər məsuliyyətsizlikdir. Amma əminəm ki, Qurbanov futbolçusunun bu məsuliyyətsizliyini bağışlamayacaq.
Azarkeşlərin üsyanı da əslində normaldır. Çünki onları məğlubiyyətlə barışmayacaq səviyyəyə gətirib çıxaran “Qarabağ”dır, Qurban Qurbanovun şəxsən özüdür. Azərbaycan futbolu tarixində bir ilkə imza atıb Çempionlar Liqasının qrupuna düşəndə, ardıcıl 11-ci dəfə avrokubokların qrupunda oynayanda, “Braqa”ya səfərdə 4 dənə qol vurub, son Almaniya çempionu “Bayer”lə dirəşəndə, əlbəttə ki, ardıcıl 3 məğlubiyyətdə etirazlar başlayacaq.
Baxıram ki, “Ayaks” son ev oyununu “Qroningen”lə oynayıb. Özü də 55 min azarkeş tutumu olan stadionda, 54 min fanatın gözü önündə. “Qarabağ” isə çempionatda son matçında Bakıda “Araz Naxçıvan”ın qonağı (!) olub. Cümləni təkrar edirəm, “Qarabağ” Bakıda “Araz Naxçıvan”ın qonağı olub. Bu matçı tribunadan izləyənlərin cəmi sayı isə 600 nəfərdir. Bir kiçik müəssisənin çalışanlarının sayı qədər...
Stadiona gedən, futbolu istirahət növü kimi bilən yoxdur. Bizim istirahət anlayışımız niderlandlılardan fərqlidir: harada yaxşı xaş verirlər?
Bəli, “Qarabağ” ildə UEFA-dan 20-25 milyon avro gəlir əldə edir. Bu məbləğ isə sadəcə, komandanı normal səviyyədə ayaqda saxlaya bilmək və büdcəyə uyğun transferlər edib onların maaşını ödəməyə bəs edir.
O gün Mahir Emreli xatirələrini danışanda deyib ki, “Roma”ya qarşı oyunda İtaliya klubunda çıxış edən Raca Nainqolanla aramızda mübahisə yarandı və Qurban Qurbanov dedi ki, onunla sakit danış, Nainqolanın qiyməti 60 milyon avrodur, o bizim komandamızdan bahadır.
Reallığımız budur. Azərbaycanın ən öndə gedən klubu bir futbolçu ilə büdcə baxımından kəllə-kəlləyə gələ bilməyəcək səviyyədədir. Və başqa bir reallıq da odur ki, belə büdcəyə sahib ardıcıl 11-ci dəfə avrokuboklara düşən Avropada ikinci bir klub da yoxdur.
Çox uzağa getməyək, Türkiyənin “Fənərbaxça” klubu hər mövsüm üçün Joze Mourinyoya 10,5 milyon avro ödəyəcək. “Qarabağ”ın büdcəsinin yarısı qədər.
Bizdə isə o gün Qurban Qurbanovun 1800 manat alıb geyindiyi köynəyi müzakirələrə səbəb olmuşdu...
Çətindir, Qurbanov oddan köynək geyinib...
Emin Səfərov