Azərbaycan yığması (millisi deməyə dilim gəlmir) Millətlər Liqasında ardıcıl üçüncü məğlubiyyətini aldı.
İsveçlə Slovakiyaya boyun əyən ölkənin bir nömrəli futbol komandası bu dəfə Tallində estonlardan 3 top buraxdı – 1:3.
Hər şey bir yana, baş məşqçi Fernando Santuşun oyunsonrası mətbuat konfransında nə deyəcəyi, Avropa çempionu olmuş birinin məğlubiyyəti necə əsaslandıracağı şəxsim üçün maraqlı idi.
Matçdan bir gün əvvəl 70 yaşını tamamlayan çalışdırıcı dilinə gətirdiyi sözlərlə Berti Foqtsla Canni de Byazinin, lap elə Nikola Yurçeviçlə Robert Prosineçkinin ölənlərinə rəhmət oxutdurdu.
Hamının görüb-bildiyi şeyləri dilinə gətirdi.
İlk hissə üstünlüyümüz şəraitində keçdi, əla imkanları qola çevirə bilmədik, rəqib əks-hücumlarda oynayırdı, ilk qolu səhvimizdən vurdular, vaxt lazımdır və sair. Bildiyimiz uşaq baxçası.
Portuqaliyalı bu nağılları portəgiz jurnalistlərin qarşısında danışsaydı, onu topa tutardılar. Deyərdilər ki, futbolçular qol vura bilməyəcəksə, əks-hücumlardan sadə toplar buraxacaqsa, onda sizi neyniyirik?
Yığmanın “sükanı” arxasında hansısa yerli məşqçi olsaydı, yenə eyni proseslər yaşanacaqdı da. Elə deyil?
Cənab Santuş, sizi bura Azərbaycan seçməsini qara günlərdən xilas etmək, nəticə qazanmaq üçün dəvət ediblər. Aldığınız böyük pulları da bunun üçün nəzərdə tutublar.
Şeydayev lotuluq edib heç kimə ötürmə verməyəcəksə, penalti zamanı topu Mahmudovun əlindən alacaqsa, Dadaşov 5 metrdən dirəyi nişan alacaqsa, müdafiə xəttində “bardak” yaşanacaqsa, nəyimizə lazımsınız?
Vəziyyəti düzəltmək üçün vaxt istəmək baş aldatmaq cəhdidir. Fernando sələflərinin getdiyi yolu uğurla davam etdirir. Boş-boş sözlər, bəhanələr, nağıllar və yalan vədlər. Biz azərbaycanlılar nağıllara inanmayacaq qədər böyümüşük.
Ya nəticə verin, ya da peşənizə, Avropa çempionluğunuza hörmət edib gedin.
HƏBİB