COP29

Rəhmətliyin nəvəsi, futbolçu olmayan ölkədə nə mentalitet?

10 Sentyabr 16:40 Köşə 718
Rəhmətliyin nəvəsi, futbolçu olmayan ölkədə nə mentalitet?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ixtira etmək həvəsinə düşüb.

Slovakiyaya məğlubiyyətdən sonra yığmanı yeni səviyyəyə qaldırmağın reseptini verən portuqaliyalı çalışdırıcı deyib:

“Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik”.

Bu, bilirsiniz nəyə bənzəyir?

Daxmada yaşayan kasıbın milyonları düşünüb malikanələri, lüks avtomobilləri, obyektləri, Maldiv adalarında istirahəti xəyal etməsinə.

Rəhmətliyin nəvəsi, futbol mentaliteti olaraq doğru yolda olsaydıq, indi Allah bilir hardaydıq. Millimizin nəticələri göz oxşayardı, futbolçularımız top liqalarda legioner həyatı yaşayardı, dünya bizdən danışardı.

Haqlarına girməyim, futbol haqda müəyyən anlayışlara sahibdirlər.

Məsələn, rəqib qapısının harada yerləşdiyini, ofsaydın nə demək olduğunu, topu qəbul etməyi, yaxın məsafəyə ötürmə verməyi, qol vuranda necə sevinməyi – bizim futbolçular bunları hamıdan yaxşı bilir.

Bilmədikləri, daha doğrusu, görmədikləri, öyrənə bilmədikləri elə mentalitetdir. Mentaliteti bilsəydilər, özlərinə futbolçu deməzdilər. Mentalitetləri olsaydı, düşdükləri məclislərdə genəlməzdilər. Mentalitetləri olsaydı, qolları bədənlərinə yapışar, ayaqları bir-birindən azı 30 santimetr intervalda dayanmazdı.

Jurnalistlər bir-iki dəfə tənqid edəndə xoşlarına gəlmir, müsahibə verməkdən boyun qaçırırlar. Biri bozarır, o biri naz edir, digəri açıq şəkildə tənqid oxuduğuna görə danışmaq istəmədiyini bildirir.

Adamlar “Qarabağ”da, yaxud “Neftçi”də, “Qəbələ”də, “Zirə”də legionerlərin vurduqların qolların sayəsində çempion olub, avrokuboklarda 1-2 mərhələ adlayırlar, qabaqlarında dayanmaq olmur. Daha düşünmürlər ki, bu, özlərinin yox, əcnəbilərin əməyinin nəticəsidir.

Millinin oyunlarında legionerlər oynamır deyə, bütün əyər-əskikləri çılpaqlığı ilə ortaya çıxır. Nəyə qadir olduqları tam görünür. Avropalı rəqiblər qarşısında əyilirlər, əzilirlər. Futbol qurtaran kimi yenə qayıdıb olurlar şir.

Foqts, Yurçeviç, Prosineçki, De Byazi də mentaliteti düzəltmək üçün gəlmişdi. Vaxt keçəndən sonra anladılar ki, problem mentallıqda deyil, Azərbaycanda futbolçuların olmamasındadır.

Futbolçu yoxdursa, mental yox e, istəyirsən dental olaraq çalış, xeyri yoxdur.

HƏBİB

Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?