Deyirlər, idmanla siyasəti qarışdırmaq olmaz.
Amma başqa bir deyimdə futbolun həm də böyük siyasət olduğu bildirilir.
Məsələn, “Qarabağ”ın Avropa arenalarındakı uğurları bizi ən çox niyə sevindirirdi?
Çünki klubun adının qarşısında Azərbaycanı təmsil etdiyi yazılırdı. Və biz bu yolla dünyaya Qarabağ torpaqlarının Ermənistana yox, məhz Azərbaycana məxsus olduğunu sübut edirdik.
Azərbaycanın futbol millisinin son 16 ildə tanınmış və titullu əcnəbilərə, bir çox hallarda qocalara tapşırılması da dövlət siyasətidir.
Berti Foqts, Robert Prosineçki, Canni De Byazi, indi də Fernandu Santuş... Bunların hər biri dünyaya səs salmış addır. Biri dünya çempionu olub, o biri Avropa çempionu adını qazanıb, digəri Avropa çempionatına komanda aparıb, bir başqası “Real”la “Barselona”nın uğurları üçün tər töküb.
Yəni dünyanın harasından baxsan, bu adları tanımayan yoxdur. Kifayət qədər məşhur simalardır. O başqa məsələ ki, Azərbaycana heç kimə lazım olmadıqları vaxtda gəliblər.
Məşhurların ölkəmizə axınının arxasında Azərbaycan adını təbliğ etmək, burada iqtisadi durumun kifayət qədər yaxşı olduğunu göstərmək, titullu əcnəbilərin yaşamağa razılıq verdiyi yer olduğunu sübut etmək dayanır. Ciddi reputasiya hesab olunur.
Sözsüz, bu üsul heç bir halda futbolumuzun inkişafına yol açmır. Əksinə, illəri və pulları itiririk. Amma söhbət dövlətin ayırdığı milyonlardan gedirsə, deməli, dövlətin siyasətinə hörmətlə yanaşmaq məcburiyyətindəyik.
Yox, bu siyasəti məşhur gənc məşqçilərin timsalında həyata keçirməyin mümkünlüyünü iddia edirsinizsə, heç də asan məsələ deyil. Çünki karyerasının parlaq çağını yaşayan orta yaşlı mütəxəssislərə milyard da versən Azərbaycanda işləməyə razılıq verməz.
Odur ki, dözməliyik, başqa yolumuz yoxdur.
HƏBİB