COP29

Xoşqədəm demiş, mən şokdayam!

6 Mart 21:20 Köşə 4 830
Xoşqədəm demiş, mən şokdayam!

Bazar günü bölgədə baş tutan “Qəbələ” – “Səbail” matçının son saniyələri gedirdi və qonaqlar hesabda 3:2 öndəydi.

Hələ oyundan əvvəl yazmışdım ki, bu, qəbələlilər üçün Premyer Liqada qalmaq üçün son şansdır.

Uduzsalar, “Kəpəz”lə aralarında 11 xallıq fərq yaranacaq ki, yerdə qalan 11 oyunda bunu aradan qaldırmaq üçün möcüzənin gücünə bel bağlamaq lazım gələcək.

“Qəbələ”nin futbolçuları ilə məşqçiləri meydanı üzgün tərk edəndə gözlərimin önündə Toni Adams, Terri Kuk, Yuri Syomin, Marat İzmayılov, Roman Qriqorçuk, Aleksey Qay, Filip Ozobiç, Baqali Dabo,

Dodo və digərləri canlandı. Avropa Liqasında “Lill” üzərində möhtəşəm qələbəni xatırladım, illər öncə Dortmund səfəri zamanı orada olan biri kimi “Borussiya” ilə oyun canlandı gözlərimin önündə.

Qəbələdə gənc və yeniyetmə futbolçular arasında keçirilən turnirlər, akademiyadan çıxan Bəhlul Mustafazadə, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Elvin Camalov, Rövlan Muradov, Qismət Alıyev, Fərid və Yusif Nəbiyev qardaşları yadıma düşdü.

İngiltərəli ot mütəxəssisi Filip Şarpleslə klub rəsmilərinin əl-ələ verib meydançaların ərsəyə gəlməsi üçün çəkdikləri əziyyəti düşündüm. Unudulmaz günlər, tarixi hadisələr, adlar, milyonlar...

Bunları xatırlaya-xatırlaya bir də düşünün ki, “Qəbələ” 6-7 aydan sonra Birinci Liqada mübarizə aparacaq. Bəlkə də aparmayacaq, komanda ümumiyyətlə olmayacaq. Hətta bunu düşünməyin özü belə, adamı boğur.

“Qəbələ” mənə vaxtilə milyonların içində üzüb, sonradan müflis olan biznesmeni xatırladır. Bu cür insanların sonu xəstəlik, ya da qəfil ölüm olur. Dözmürlər, çox yaşamırlar.

Bölgə təmsilçisi də üzləşdiyi durumla barışa bilmir və elə buna görə də sonunculuqdan qurtulmağın yollarını tapa bilmir. Çünki heç vaxt sonda olmayıblar. Öyrəşməyiblər buna.

Dua edək ki, hansısa İlahi qüvvə “Qəbələ”nin mövcud durumdan çıxmasına kömək etsin, komandada elitada qalsın və növbəti mövsümdə Premyer Liqada oynasın.

Əks halda, Azərbaycan futbolu “Qəbələ” adlı böyük bir dəyərini itirmiş olacaq. Təlim-məşq meydanlarını, akademiyanı, orada yetişən gəncləri, kadrları – hamısını itirəcəyik.

Tanınmıç teleaparıcı Xoşqədəm Baxşəliyevanın sözü olmasın, mən şokdayam!

Allah qorusun!

HƏBİB

Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!