De Byazinin milli komandadan evlərinə - İtaliyaya göndərilməsi haqda çox yazdılar, mən isə gərək duymadım.
Çünki milli komandada Foqtsun dövründən bəri xüsusi heç nə dəyişməyib, çətin ki, milli çempionatda səviyyə bu cür davam etdiyi müddətdə də nəsə ciddi dəyişə...
Ümumiyyətlə, millinin uğursuzluğunun səbəbləri haqda danışanda ən çox təbii ki, baş məşqçini tənqid etmək ağıla gəlir. Sistemin başında o durur, komandanın oyunlara necə hazırlamasına o qərar verir, oyunçuları o seçir və sairə... Bunları məhəllədə top qovan uşaq da bilir, amma hamımız onun da fərqindəyik ki, milli komandanın heç ortadan qalxmayan problemi baş məşqçinin braziliyalı, alman, bosniyalı və ya italiyalı olması ilə bağlı deyil. Hər əcnəbi məşqçi Bakıdan çamadanını yığışdırıb gedəndə isə yada düşür ki, bizdə də PRO sertifikatı(yəni baş məşqçi işləməyə imkan verən sənəd) olan xeyli azərbaycanlı kadr var.
Bu yerdə “Qəribi hətta ağlamaq tutur”, “milli komandada mütləq yerli mütəxəssis olmalıdır”, “bəs milli təəssüb”, “bayraq, himn, Sakariya” havası başlayır... Ən gülməlisi, milli komandanın uğursuzluğunun yerli məşqçi təyinatının olmaması ilə izah edilməsidir. Tam dəxilsiz iddiadır.
Guya yerli məşqçi himni əlini ürəyinin üstünə qoyub oxuyanda oyunçular meydanda rəqibi ağlar günə qoyur. Dünyadakı milli komandaların siyahısını qarşınıza qoyun və yerli-əcnəbi məşqçilərin siyahısına göz atın, uğurlu kim, uğursuz kim görəcəksiniz.
“Banana daş atanda məşqçiyə dəyən” cənublu-şimallı Amerikada belə əcnəbi məşqçi gətirilir. AFFA-nın əcnəbi məşqçi gətirməkdə hansı marağı var, düzü bilmirəm. Amma mütləq var, çünki biz hələ indiyədək də bilə bilmədik ki, AFFA baş məşqçi ilə müqavilənin şərtlərini niyə açıqlamır. Heç Qurban Qurbanov baş məşqçi olanda da bu müqaviınin şərtləri bilinmədi.
Bu rəsmi sənəddirsə, niyə açıqlamayasan? AFFA UEFA-dan gələn pulları klubların hesabına köçürən kimi xəbər yayır, amma millinin baş məşqçisinə nə qədər maaş verilməsi sirr kimi saxlanılır. Gələn ilin martında AFFA-da deyəsən, rəhbərliyə seçki olacaq. Yanılmıramsa, Çingiz Abdullayevlə sabiq nazir Elmar Məmmədyarov da AFFA-nın rəhbərliyində təmsil olunurlar. İkisi də “milli adam”dır, yəqin ona görə...
AFFA-nın baş katibinin milli komandaya “Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini” deməsi də anlaşılmazdır. Sanki milli komanda milli orkestirdir, kukla və ya akademik milli teatrdır ki, ora mentalitetə uyğun biri gətirilsin.
2017-ci ilin elə bu vədələri idi. Robert Prosineçki Azərbaycan milli komandasının baş məşqçi postundan getmiş, yeni baş məşqçi müzakirələri başlamışdı. Ən çox da Qurban Qurbanovun adı hallanırdı.
Rəyinə hörmət etdiyim bir çox futbol yazarları da Qurban Qurbanovun millidə baş məşqçi olmasına dəstək verirdilər. Mən isə bu təyinatın əleyhinə idim və bu barədə ən azı iki dəfə yazdığımı xatırlayıram.
AFFA o zaman ictimaiyyətin əhval-ruhiyyəsini yaxşı bilirdi, Qurban Qurbanov da necə deyərlər, məşhurluğunun zirvəsində idi. Axtarış verib o yazımı tapdım və bir abzası yada salmaqla kifayətlənək:
“Qurban Qurbanovun milli komandaya baş məşqçi təyinatı ən pis variantdı. Qurban qardaşımız və “Qarabağ” klubunun rəhbərliyi özləri aralarında hansısa qərar verərsə, bu ayrı. Mən Qurban Qurbanovun millinin baş məşqçi postuna təyinatına qarşıyam. Qurbanın “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir. Qurbanın da “Qarabağ”da hələ görəcəyi çox iş var. İmkan verək işini görsün...”
Qurban Qurbanovun baş məşqçi postundan ayrılması 400 gündən sonra rəsmiləşdi. Ümumilikdə Qurbanovun yetirmələri 12 oyunda 4 qələbə
qazandı, 5 heç-heçə etdi və 3 dəfə məğlub oldu. Kosovoya böyük hesablı məğlubiyyətdən (0:4) sonra isə Qurban Qurbanov "ordunu qırğına vermiş komandir" kimi hədəfə alındı. Bir az belə davam etsəydi, onun üçün mərkəzi stadionda dar ağacı qurulmasını da istəyəcəkdilər. "Qurban millinin baş məşqçisi olsun", yerli məşqçi, “ya o, ya heç kim” deyənlər isə susdu...
Bu günlərdə Qurban qardaşımızdan yenidən milli komanda haqda soruşublar, “ilan vuran ala çatıdan qorxan kimi” danışıb. Əslində danışmayıb, “mənə bu barədə sual verməyin” ricasını edib. Anlaşılandır. Biz hələ kənardan bu problemləri görürüksə, görün o nələr görüb bu 400 günlük rəhbərliyi dövründə.
Azərbaycan millisinə “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimin rəhbərlik edə biləcəyi, 70 yaşlı mütəxəssisin menecerlərinin AFFA-ya belə bir təklif göndərməsi xəbəri nə qədər ciddidir, indi də demək olmur.
Bildirilir ki, AFFA Terimin namizədliyini nəzərdən keçirə bilər, ancaq qərar verməyə tələsməyəcək. AFFA İcraiyyə Komitəsi bu posta namizədlə bağlı qərarı yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra verəcək.
Terim 2022-ci ilin yanvarından işsizdir. Onu nəinki Azərbaycanda, dünyada tanımayan yoxdur, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edib. Biz nə yazdıq, futbol ictimaiyyəti nə tələb etdi, bunlara baxan kimdir, kim məsləhət bilinsə, o da gətiriləcək.
Terim bir az yaşlaşıb, onun milliyə gəlməsi ilə nə dəyişəcək əvvəlcədən bəd danışmaq istəmirəm. Milli çempionatı zəif olan ölkədə milli komanda yaratmaq çətindir.
Rəyimi soruşan olsa, Terimin gəlməsini qəti arzu etmirəm. Çünki bir müddət keçəcək, bu Terimə görə Türkiyəyə dil uzadanlar tapılacaq. Türkiyə qəzetləri hər gün bu barədə yazacaqlar, elə hər iki ölkədə bəziləri iki qardaş dövlət arasında münasibətlərini korlamaq üçün fürsət biləcək...
Nazim SABİROĞLU