Canni de Byazi millinin qrupdakı, çox güman, özünün Azərbaycan yığmasındakı son oyunları üçün komandasına cəlb etdiyi futbolçuların adlarını açıqladı.
Dünyanın az qala hər nöqtəsindən dəvət olunan 27 futbolçunun böyük əksəriyyəti şanlı formanı geyinməyi haqq etsə də, insanlarda ikrah doğuran adlar da yox deyil.
Bunlar ölkəmizlə bağlılığı olmayan, saxta pasport hesabına illərdir azərbaycanlıların yerini tutan Höccət Haqverdi ilə Ozan Can Kökçüdür.
Azərbaycanın dövlət himnindən xəbərsiz olan bu “azərbaycanlılar”ın kimin və nəyin hesabına hər dəfə yuxarı başda əyləşməsi ictimaiyyəti maraqlandıran əsas sualdır.
Höccəti “Sumqayıt”a, oradan “Neftçi”yə aparıb, Azərbaycan millisinə calayan adamın təsir qüvvəsi insanları heyrətləndirir.
Niderlandın ikinci liqasının ortabablarından sayılan “Eydhoven”in uğurları üçün tər tökən Kökçünün də xalis azərbaycanlı futbolçuları iki baş üstələdiyini heç kim iddia və sübut edə bilməz.
Adi bacarıqlara sahib ortabab futbolçudur. Di gəl, milli üçün daimi qeydiyyatı var. Kənarda qalması mümkünsüzdür.
Höccətlə Ozan Canın əvəzinə yığmada Elvin Bədəlovla Rövlan Muradov olmalıydı. Cari mövsümdə “Sumqayıt”ın uğurlu çıxışında Elvinlə Rövlanın hansı rola sahib olduğunu Canni de Byazidən fərqli, çempionatı yaxından izləyənlər bilir.
Bədəlov Premyer Liqa çərçivəsində keçirilən 13 oyunun hamısında meydanda olub və komandasının müdafiə xətti üçün “divar” təsiri bağışlayıb.
Muradov da bütün qarşılaşmalarda əsas heyətdə şans qazanıb. Komandasının uğurlu qrafik cızmasına vurduğu 3 qol və verdiyi 5 məhsuldar ötürmə ilə töhfə verib.
Yığma komandaya dəvət almaq üçün bundan artıq nə etmək lazımdır ki?
Görünür, italyan çalışdırıcı çempionatımızı izləmir. Ya da kimlərisə sifariş əsasında dəvət etməklə özündən əvvəlki həmkarlarının siyasətini uğurla davam etdirməyə çalışır.
İndi içi mən qarışıq hamı oturub noyabrın günlərini kəndirlə çəkir ki, seçmə mərhələ oyunları başa çatan kimi italyanı göndərib, yerinə yerli mütəxəssislərdən birini gətirsinlər.
Ümid edək ki, məhz bu dəyişiklikdən sonra uğurlu oyunların təməli qoyulacaq, millidə “dayday” və “tapış” dövrü başa çatacaq. Əks halda xalqın komandası xalqdan uzaq qalmaqda davam edəcək.
HƏBİB