COP29

Bədənində qəlpələr gəzdirən Qurban Qurbanov...

6 Oktyabr 2023 23:20 Köşə 3 744
Bədənində qəlpələr gəzdirən Qurban Qurbanov...

Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ” futbol klubunun keçmiş üzvü və baş məşqçisi Allahverdi Bağırov şəhid olduqdan sonra “Qarabağ” Ağdamda futbol oyunu keçirərkən qəhrəmanımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilirmiş, tam sükut yarananda stadionun düz yanına erməni qradı düşür.

Bir futbolçunun tükü tərpənmir.

Həmin anı gözümün qarşısına gətirəndə o qədər ürpənirəm ki, hadisənin davamı film kimi gözümün qarşısında belə canlanır:

Sükut bitən kimi futbolçulardan biri yıxılır. Görürük ki, onun bədəni qəlpələrlə doludur, ancaq Allahverdi Bağırov onu Allah verdiyindən bir dəqiqə artıq yaşadıb.

“Qarabağ” futbol klubu Azərbaycanı Qarabağsız illərdə Qarabağsız qoymadı. Bizə nifrət edən ölkələrin belə yaşıl meydanlarına “Qarabağ” (Azərbaycan) adını apardı, onların yüksək peşəkarlıq, külli maddiyyat hesabına hamarladığı meydanlarda at oynatdı. Kiçik Qafqazın çınqılında bərkiyən ayaqlarını yumşaq Avropa meydanlarına inadla basmağı bacardı.

Qafqaz özü bir Allahdır, enib bu yer üzünə,

Biz bəndələr bacarmırıq hələ onu sevməyi.

(Musa Yaqub)

Biz də qafqazlıyıq, özümüzəxas - sınıxdıqca sınıxan, gücləndikcə güclənən.

“Qarabağ” Azərbaycana “biz bacarmırıq” deyib durumla barışmaq istədiyimiz yeganə sahədə - futbolda dayaq verdi. Çünki atın ayağı bircə dəfə qırılır, at onunla da ölür. Atın ayağı qırılanda sağalmır. At 1200 kilo yük dartır, ancaq 12 volt elektrikdən ölür. Çünki at da qafqazlıdır, ilk əhliləşdirilmiş at sümükləri Azərbaycandan – Göytəpədən tapılıb. “Köhlən atlar” diz çökmədi.

Heç bir sahədə bacarıqsızlığımızı boynumuza almadıq deyə, bu gün ən mümkünsüzü də bacara bildik – Qarabağa qayıtmağı.

Biz bir şeyi bacarmadığımızı boynumuza alsaydıq, bacarıqsızlığımız sərasər davam edəcəkdi. Qarabağ ən yaralı yerimiz idi, “Qarabağ” yaralı adımızla bacarıqsız hesab olunduğumuz yerdən girdi, iki ən ağır daşı köksünə alıb Avropaya üz tutdu. Kiçik Qafqazın daşları əzəldən ağır olub.

"Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?" (Qacar)

"Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar. (Vaqif)

Bəzən qorxdular Qarabağ deməyə, dönüb Ağdam dedilər. Almaniyadan canlı yayım zamanı “Qarabağ” futbol klubunun adı “Ağdam” kimi qeyd olundu.

Biz işdən çıxarılanda, arvadla dalaşanda, maşınımızı səkiyə çırpanda, mətnimiz uğursuz olanda düşünmüşük ki, bütün bunlar boş şeydi, əsas odur, axşam “Qarabağ” oynayacaq.

“Qarabağ” tarix yazmaqda davam edir.

Biz Qarabağlı günlərə qovuşanacan hər stadiona çıxanda Qurban Qurbanovun düz yanına “düşmən qradı” düşdü, ancaq o, 90 dəqiqəlik sükutunu pozmadı.

Bədəni qəlpələrlə doludur, ancaq o “Qarabağ”ın qazanmağı ilə bizim Qarabağı qazanmağımızın arasında müqəddəs bir bağın olduğunu yaxşı bilirdi. Bilən adamlar isə adətən susur (qafqazinfo).

Sərdar Amin

Xəbər Lenti