COP29

Gündəmin adamı – Çörəyi ver çörəkçiyə...

24 Aprel 2023 23:00 Köşə 3 119
Gündəmin adamı – Çörəyi ver çörəkçiyə...

Məsəl var, çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Son günlər “Qəbələ”nin oyunlarında baxanda, nədənsə ağlıma bu deyim gəlir.

Bərəkət məni bağışlasın, çörək dediyim “Qəbələ” komandasıdır, nəzərimdə çörəkçi kimi tutduğum baş məşqçi Elmar Baxşıyev.

Bir neçə il əvvəl rəhbərlik Roman Qriqorçukun yerinə təyin etdiyi Sənan Qurbanovu göndərib, Baxşıyevi gətirəndə, klub tarixinin bəlkə də ən doğru qərarını vermişdi.

42 yaşlı mütəxəssis futbolçu karyerasının son dönəmini qırmızı-qara formada keçirmiş, məşqçiliyə bu klubda başlamış, Qəbələdə yaşamış, bölgənin futbol havasını duymuş və ən vacibi, insani keyfiyyətləri barədə klub rəhbərliyinə siqnal ötürmüşdü.

O dönəmdə Baxşıyev yox, başqa məşqçi seçimi olsaydı, kim bilir, “Qəbələ” indi haradaydı.

Baş məşqçi kimi Premyer Liqada debüt etdiyi vaxtdan müxtəlif problemlərlə üzləşməsinə baxmayaraq, çiyinlərini yerə qoymadan yoluna davam edən Pro kateqoriyalı çalışdırıcı ötən mövsüm ictimaiyyəti təəccübləndirərək bölgə təmsilçisini avrokuboklara daşıdı.

Cari mövsümün əvvəlində və gedişində yenə çətinliklərlə üz-üzə qaldı. Ehtiyac duyduğu büdcəni görmədi, komandasına cəlb etmək istədiyi futbolçulara qovuşmadı, bəzi oyunlarda istədiyi nəticələr əldə olunmadı. Sosial şəbəkələrdə, eləcə də mətbuatda haqqında yazılmayan söz qalmadı. “Qəbələ”ni uçuruma apardığını, məşqçilikdən xəbərsiz olduğunu iddia edirdilər.

Bu gün Elmar Baxşıyevin rəhbərlik etdiyi “Qəbələ” ölkə kubokunun finalının bir addımlığındadır. Çempionatda əsas rəqibi “Zirə”ni bir addım qabaqlayır və ən maraqlısı, son 2 matçda məhz onun oyuna müdaxilələri sayəsində “qırmızı-qaralar” hesabda 0:2 geri düşdüyü oyunları qalib başa vurur.

Klubda və komandada kifayət qədər sevilən bu adamın ən böyük üstünlüyü qalmaqallardan, pafoslu açıqlamalardan uzaq durması, gündəmdən qaçmasıdır. Sərəncamındakı yerli və əcnəbi futbolçularla dialoq qurmağı bacarır, çətin anlarda günahı onlarda yox, özündə axtarır. Ən əsası, Pro kateqoriyasına futbol savadı ilə sahib olduğunu işi ilə sübut edir.

Elmar Baxşıyev kimi azərbaycanlı məşqçilərin varlığı şəxsi maraqları naminə xarici məşqçi sevdasından əl çəkməyən bəzi klub rəhbərləri üçün göz dağıdır. Çörəyi bu cür mütəxəssislərə vermək lazımdır, birini də üstəlik.

HƏBİB

Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar