COP29

İki intim vaqiənin əks-sədası

15 Yanvar 2023 11:00 Köşə 3 485
İki intim vaqiənin əks-sədası

Futbolçu Dani Alveşin əvəzindən əlimi istənilən kitaba basıb and içərəm ki, o, Barselonadakı gecə klubunda heç bir qıza, gəlinə cinsi təcavüz etməyib.

Ancaq eyni andı Mehrin Şah adlı pakistanl aktrisaya Bakıdakı adı çəkilməyən otellərin birində təcavüz etdiyi deyilən hindistanlı prodüsser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidinin əvəzindən içmək olmaz.

Hərçənd heç Mehrin Şahın yerinə də anda-qəsəmə əl atmaq olmaz ki, o, düz deyir.

Dani Alveşi şərləyirlər – burası yüzdəyüzdür. Çünki bundan əvvəl bir xeyli məşhur idmançını o cür şərləyib bir neçə yüz min dollarlarını təzminat adıyla qapazlayıblar, dişlərində şirə qalıb.

Avropalı civilər bir ara yazıq Ronaldonu tamam gözüqıpıq eləmişdilər, hansısa gecə barında-filanda yaxınlaşıb avtoqraf alır, böyründə fırlanır, rəqs edir, ertəsi gün polisə qaçırdılar ki, ünlü forvard tərəfindən zorlanıblar. O da gəlib and içirdi, vəkil tuturdu, şahid göstərirdi ki, elə şey olmayıb. Amma qızlar da vəkil, şahid, həkim, reportyor tuturdular ki, belə bir vaqiə olub. Uzun çək-çevirdən sonra Ronaldonun vəkilləri “zərərçəkən” tərəflə bir neçə yüz min dollarlıq əqd bağlayır, barışıq əldə edirdilər və qızlar şikayətlərini geri götürüdülər, deyirdilər, ta bir keksdir yeyib, halal xoşu olsun.

Bəs Messinin başına bu iş niyə gəlmirdi? Ona görə gəlmirdi ki, Messi gecə klublarına getmirdi, özünü sovet dövrünün nümunəvi komsomolçuları kimi aparırdı. Arada Polşa mediası bizim Mahir Emrelini də az qala pleyboy edəcəkdi, qaqaş əllərindən çıxıb getdi Zaqrebə.

İndi bu işlər Dani Alveşin başına gəlib. O, rəqs etməyi sevdiyi üçün gecə klubuna gedib və orada güman ki, qarşı cinsə ona torba tikməyə bəhanə verib. Brazilyalıdır, ola bilər, hansısa Qloriya ilə samba-rumba oynayıb.

Prinsipcə, gecə barında, o qədər adamın içində heç bir zorakılıq aktı ola bilməz. Zatən, 100 ilə yaxındır Avropada insanlar gecə barına məhz müvəqqəti “könül həmdəmi” tapmaq üçün gedirlər və heç kəs əyləncə məkanından əliyalın, yanıboş çıxmır. Cütləşib gedirlər, türkün sözü, cütləşməyə. Ta bunun harası zorakılıq oldu? Ya hər şey könüllü olur, ya da, ümumiyyətlə, heç nə olmur.

Alveş kimilərin elə bir şöhrəti, xarizması və pulu var ki, necə deyərlər, əlini yelləsə əllisi gələr. Elədirsə, kişinin oğlu nədən zorakılığa əl atsın? Ora Pakistan, Hindistan, Myanma deyil ki, dalda yerdə bir erkəyin girinə dişi keçəndə vaz keçməsin.

Bu baxımdan pakistanlı aktrisa Mehrin Şahın dediklərinə ona görə inanmaq olar ki, ona qarşı cinsi təcavüz təşəbbüsündə bulunanlar yuxarıda adları çəkilən yanıq ölkələrin vətəndaşlarıdır. Onlardan elə şey gözlənilir.

Hərçənd ola bilər, bu, bir piar hadisəsdir, bu yolla tərəflər Bakıda çəkdikləri filmi məşhurlaşdırmaq istəyirlər.

Bir iş də var ki, aktrisanın Bakıdakı haqq-hesabla bağlı dediyi fikirlər ingilscədən tərcümədə bir az təhrif olunub. Mehrin xanım deməyib ki, prodüsser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidi onu zorlayıblar, deyib ki, ona iyrənc təklif ediblər, o da onları rədd edib, ondan sonra yaramazlar artıq-əskik hərəkət ediblər. Yəni... bu o demək deyil ki, prodüsser və rejissor öz çirkin məqsədlərinə çatıblar.

Hadisə doğma, əziz Bakımızda baş verməsəydi, bu pəstəhanın bizə dəxli olmazdı. Necə ki, Alveşin olayının bizə aidiyyatı yoxdur. İntəhası, şəhərimizin qonaqları Bakının adını pis məsələdə hallandırıblar.

Bildiyiniz kimi, Pakistan bizə qardaş ölkədir. O ölkədən gələn qız-gəlinin namusu bizə əmanətdir. Bu baxımdan əgər Mehrin hadisə günü otelin dəhlizinə və ya eyvanına qaçaraq, “ey azərbaycanlı qardaşlar, help mi, alçaq induslar məni zorlayırlar” deyə qışqırsaydı, bizim borcumuz idi ki, gedib o təcavüzçü kinoçəkənləri yortaq. Aktrisa isə başına gələni həmin gün və ondan sonra nə polisə deyib, nə də başqa bir kimsəyə. Ona görə də hazırda çox pərt, naqolay durumda qalmışıq.

Üstəlik, bu hadisə turizm sektorumuza zərbədir, şəhərimizin adı gedib Yohannesburqun, Rio-de-Janeyronun, Mumbayın-zadın yanında çəkilə bilər. Elə çıxar ki, Bakıya gedənlərin başına pis-pis işlər gəlir.

Ona görə də ölkəmizin hüquq-mühafizə orqanları gərək prodüsser Rac Quptanı və rejissor Seyid Ehsan Əli Zaidi (bu adlar ona haram olsun) tələb edib ölkəyə gətirsinlər və onlara ölkəmizin qonağına sataşmağın nə demək olduğunu başa salsınlar.

Baxarsınız, ispanlar Dani Alveşi yolub buraxacaqlar, deyəcəklər, özün bil, bu maddəylə türməyə düşənə bilirsən, içəridə nə edirlər (musavat.com)...

Samir SARI

Xəbər Lenti