COP29

Qoca yaponun Azərbaycanda tapdığı “yağlı qaz”

5 Mart 2021 19:00 Köşə 3 351
Qoca yaponun Azərbaycanda tapdığı “yağlı qaz”

Yaponların ağıllı xalq olduqları deyilir.

Buna şübhə etməyə haqqımız yox.

Adamlar İkinci Dünya müharibəsində məğlub olsalar da, ruhdan düşmədilər, Yaponiyanı dünyanın inkişaf etmiş ən yaxşı ölkələrindən birinə çevirdilər.

Yaponlar öz ölkələrini sevdilər, onun sərvətini göz bəbəyi kimi qorudular, texnoloji üstünlük qazandılar. Bir sözlə, sərvətlərini əcnəbilərə peşkəş etmədilər, əksinə, texnoloji yeniliklərdən yararlanıb, Yaponiyaya valyuta gətirdilər.

Yaponların futbolçuları da çox ağıllıdır. Baxmayaraq ki, futbol yaponlara xas idman növü deyil.

Amma yaponlar yaxşı futbol oynamağı da bacarırlar. Hətta yaxşı futbolçular da yetişdiriblər, onlar Avropada da rəqabətə tab gətiriblər.

Belə futbolçulardan biri də Keysuke Hondadır. Az qala bütün qitələrdə adlı-sanlı klublarda çıxış edib. İndi qocalıb, futbolun “daşını” da, demək olar ki, atıb.

Sonuncu dəfə 2020-ci ildə Braziliyanın “Botafoqo” klubunda meydana çıxıb. 2018-ci ildən isə Kamboca yığmasında baş məşqçi kimi də çalışır.

Yəni ağılından və təcrübəsindən geninə-boluna yararlanır. Amma Kamboca o qədər də varlı ölkə deyil axı. Ona görə də, ağıllı yapon pul qazanmaq üçün başqa variantı sınamaq qərarına gəlib.

Eşidib ki, uzaq Azərbaycanda ölkənin sərvətini səxavətlə əcnəbilərə verirlər. Verirlərsə, niyə də bundan hansısa yapon yararlanmasın? Axtarıb, axtarıb, hədəfi dəqiq müəyyənləşdirib.

Öyrənib ki, ömrü boyu neft “içən” “Neftçi” klubu əcnəbilərə qarşı aşırı səxavətlidir. Araşdırıb ki, vaxtilə bu “Neftçi”, futbolun daşını çoxdan atmış qocanı – Emil Mpenzanı Bakıya gətirib, ona milyonlar verib.

“Neftçi” Mpenzadan qara qəpik də xeyir görməyib. Amma əvəzində belçikalı xeyli varlanıb. İndi də bu variantdan qoca və ağıllı yapon yararlanmaq istəyəcək.

Böyük ehtimalla, istəyinə də çatacaq. Nöşün ki, “Neftçi”də idarəçilər dəyişsə də, idarəetmə dəyişmir. Mpenza Sadıq Sadıqovun vaxtında gətirilmişdi Azərbaycana.

Qırımından hiss edirəm ki, “Neftçi”nin hazırkı rəhbərliyi də Honda üçün əldən-ayaqdan gedir. Gedərlər də, pul çox, nəticə yox.

Heç olmasa, qoca yaponun, Kamboca yığmasının baş məşqçisinin transfer edilməsini nəticə kimi sırıyarlar. Bundan da cəlbedici transfer olarmı?

Əhli-Azərbaycan bu transferə sevinməkdə olsun, qoca və ağıllı yapon da Azərbaycanda “yağlı qaz” tapmasının məmnunluğunu yaşasın. Yeməyibsiniz qaz ətini, nə bilirsiniz ləzzətini. Nuş olsun, yapon!

Natiq Muxtarlı

Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?
23 Noyabr 17:50 Çək və bizə göndər!
23 Noyabr 12:20 Messi ora gəlməyəcək
23 Noyabr 10:40 Bəzən belə də olur...