Çempionatda işləri yolunda getməyən ölkənin iki köklü klubu üz-üzədir.
İşıqlı günlərdən uzaq düşən “Neftçi”ylə “Kəpəz” həftəsonu Bakıda qarşılaşacaqlar.
Oyunun əhəmiyyəti haqda geniş bəhs etmək artıqdır. Təkcə bir faktı vurğulamaq yerinə düşər ki, 16 turdan sonra bakılıların aktivində 13, gəncəlilərin 10 xalı var.
Yəni bu matçda “Kəpəz” mümkün qələbə ilə “ağ-qaralar”ı 9-cu pilləyə göndərə bilər.
"Pana" ləqəbli portuqaliyalı yarımmüdafiəçi Valdemar Almeyda Sportinfo.az-a açıqlamasında oyunla bağlı danışıb:
“Turnir cədvəlində “Neftçi”dən 3 xal geridəyik. Daha bir rəqibi geridə qoymaq üçün yaxşı şansdır.
Hər iki komanda üçün çətin, eyni zamanda maraqlı oyun olacaq. İlk dövrədə “Neftçi”ni 4:3 hesabı ilə udmağımız aldadıcı olmasın.
İndi onların yeni baş məşqçisi var ki, oyunda müəyyən dəyişikliklər hiss olunur.
Bakıya 1 xal dalınca getmirik. Bunu düşünsək, uduzarıq. Ona görə də məqsədimiz yalnız və yalnız qələbə qazanmaqdır”.
Dekabrın 15-də “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
HƏBİB