COP29

İstefa vaxtıdır heç?

21 Sentyabr 11:40 Kəpəz 3 002
İstefa vaxtıdır heç?

«Kəpəz»in məğlubiyyət sayı yeddiyə çatdı.

Səhv etmirəmsə, bu, Gəncə klubunun tarixi ərzində yaşadığı ilk belə haldır.

Azər Bağırov indi özü-özünə də yarıdmçı ola bilməz. Çox pis vaxtda gəldi.

Dərdi böyükdür. Adil Şükürovdan «yadigar» heyətlə nə etmək olar ki..? Yıxılmaq və ölməkdən savayı.

Bağırov Tanrıya dualarını çoxaltmalıdır. Yaradan yalvarışlarını eşitsin deyə.

Deyə bilmərik ki, «Kəpəz» baş məşqçisini dəyişəndən sonra irəliyə doğru bir addım atmayıb. Qımıldanma var. Amma bu, o qədər zəif qımıldanmadır ki, qış fasiləsinədək üfüqdə işıqucu görsənmir.

Uduzmağa davam edəcəklər. Bağırovun təyinatıyla üst-üstə düşən transferlər hələ ki, uyğunlaşma dövrünü yaşayır.

Heç biri hazır gəlməyib - nə yerlilər, nə əcnəbilər.

Şükürov komandanı zay-zuy legionerlərlə doldurub, bu tərəfdən də ab-havanı korlayıb gedib. Bağırova «bir az da döz» demək istəyirəm, deyə bilmirəm.

Bu ara bir qrup azarkeş İlqar Nadirini yenə pisləməyə başlayıb. İdarə Heyətinin sədrini istefa verməyə səsləyirlər.

Əşşi, qurtarın da! Hər həftə bir tələb, hər həftə bir şərt - indi yeri deyil axı bunu.

«Kəpəz»i bataqlığın içindən dartıb çıxara biləcək bir imkanlı şəxs varsa, qoy sinəsini versin irəli, biz də onu tanıyaq.

Nadiri qəpik-quruşla üz qızardır bu gün. Axır iki-üç həftədə 7-8 oyunçu da alıb gətirib, soruşan varmı ki, bu yox vaxtı pulu haradan tapmısız? Bir az insaflı olun,

«Kəpəz»in dar günüdür. Sədrdən xoşunuz gəlmir, gəlməsin. Komandanı düşünün, yanından çəkilməyin, heç olmasa.

Görürsüz də, hamı əlinə bir çomaq götürüb üstünə gəlir, barı, siz etməyin.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti