
O, komandanı götürəndə "Kəpəz"i Premyer Liqada saxlaması o qədər də real görünmürdü.
Əksər azarkeşlər gözünü çəkmişdi komandadan.
Bərbad seleksiya, ardıcıl məğlubiyyətlər, ruh düşkünlüyü. Məğlubiyyətlə barışmış qoşun hissəsinə bənzəyirdi həmin dönəmdəki "Kəpəz".
Lakin Azər Bağırov hər şeyə rəğmən gedişatı dəyişməyi bacardı. "Neftçi", "Sabah", "Turan Tovuz" kimi rəqibləri məğlub elədi, "Qarabağ"dan xal aldı. Son dövrəyə axırıncı yerdə gedən "Səbail"dən 5 xal irəlidə girdi. Kənardan kiməsə asan görünə bilər, amma böyük əziyyət bahasına başa gələn nəticədir bu.
Maraqlıdır ki, "Səbail"lə oyundan sonra bir qrup gəncəli azarkeş "Kəpəz"in oyunçularına etiraz ediblər. Onların oynadığı futbolu tənqidlə qarşılayıblar. "Səbail"lə oyunda heç-heçə qane eləməyib onları.
Hərçənd, bu bərabərlik "Kəpəz"in son pillədəki rəqiblə 5 xallıq aranı qoruması baxımından əhəmiyyətli nəticə olub.
Udsaydılar, lap yaxşı. Amma "Səbail" də qələbə qazanmaq istəyirdi, paytaxt klubu belə rahatlıqla Premyer Liqadakı yerinə itirməyə razılaşası deyil.
"Kəpəz" azarkeşlərinin komandadan gözləntisi böyükdür, anlaşılandı bu. Amma indiki şərtlər altında yaxşı oyun, yaxşı nəticələr tələb etmək yersizdir. Gəncəli azarkeşlərin bəyənmədiyi "Səbail"in belə imkanları "Kəpəz"dən daha yaxşıdır. Məsələn, "Şamaxı" hər nə qədər sponsorsuz olduğunu aləmə car çəksə də, həm rayonun icra başçısının, həm də vəzifəli şəxslərin bir əli həmişə bu klubun üstündə olub. "Kəpəz" isə neçə ildir ki, Premyer Liqanın kimsəsiz, yiyəsiz klubu kimi ömür sürür. Kimsə bəyənsə də, bəyənməsə də, klubun rəhbəri İlqar Nadiri bu neçə ildə heç bir sponsor dəstəyi olmadan, şəhər rəhbərliyinin köməyini görmədən "Kəpəz"i Premyer Liqada saxlaya bilir.
Deyilənə görə, gələn mövsümdən "Kəpəz"i yeni sponsor himayəsinə götürməlidir. Hələ ki adı naməlum qalan şirkətin gələn mövsümdən Gəncə klubunu iddialılardan birinə çevirəcəyinə dair məlumatlar tirajlanmaqdadır. Gözləyək, görərik.
Tovuz stadionunda çığır-bağır salan azarkeşlər də yeni sponsorun gəlişini gözləməli, tələblərini ona deməlidilər. Azər Bağırova isə dəstək lazımdır.
Bu mütəxəssis çətin tapşırığın öhdəsindən gələ bilməsə, nə qədər istəyirlər qışqırsınlar, "Kəpəz" gələn mövsüm I Liqada gün keçirməli olacaq (sportal.az).
Həmid