.jpg)
"Kəpəz"in yarımmüdafiəçisi Elmir Tağıyev Premyer Liqanın 29-cu turunda "Sabah"ı məğlub etdikləri matçdan sonra Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq qarşılaşma barədə danışıb.
- Çətin oyun olacağını bilirdik. Buna görə matça ciddi hazırlaşmışdıq. Yaxşı qələbə qazandıq. Bizi üzən isə Mahamadu Banın ağır zədə alaraq meydanı tərk etməsi oldu. Ümid edirəm ki, zədəsi ciddi olmaz. Bütün kollektivi yaxşı mübarizə və qələbəyə görə təbrik edirəm.
- Növbəti dəfə iddialı rəqib üzərində qələbə qazandınız. Eyni şeyi autsayderlərlə görüşdə etməyə nə mane olur?
- Bəlkə də həmin görüşlərdə daha çox tələsirik. Erkən qollar vurmağa çalışırıq.
- Arxayınlıq ola bilməz?
- O da ola bilər. Amma mən düşünürəm ki, iddialı rəqiblərdən fərqli olaraq digər görüşlərdə tələsdiyimiz üçün istədiyimiz nəticəni qazana bilmirik.
- Sonuncu pillədə yer alan "Səbail"lə arada 7 xallıq fərq yarandı. Rahatlıq tapdığınızı demək olar?
- Məncə, belə düşünmək bizə zərər verər. Futbolda belə şeylər önəm daşıyır. Hər xal bizim üçün qızıla bərabərdir. Hər matça final kimi çıxmalıyıq.
- Baş hakimə tez-tez etiraz edirdiniz. Əsas səbəb nə idi?
- Oyunda narazılıq olur. Emosiyalardan irəli gəlir. Amma hakimin bu gün normal oyun idarə etdiyini deyə bilərik.
- Xüsusilə ev oyunlarında hətta bərabərlik belə azarkeşlər tərəfindən xoş qarşılanmır. Sanki ilk fürsətdə üzərinizə gələnlər olur. Bu məqam sizdə əlavə təzyiq yaratmır?
- Azarkeşlərə buradan təşəkkür edirəm. Hər zaman dəstək olurlar. Ola bilər ki, bizdən daha yaxşı oyun və nəticələr gözləyirlər. Amma hər dəfə belə etmək olmur. Bir qədər səbrli olsunlar. İnşallah, bu komanda daha yaxşı olacaq.
XANOĞLAN İMANOV