
Gələn mövsüm Premyer Liqada 12 klub mübarizə aparacaq.
İştirakçılar arasında «Kəpəz»in də özünə yer edəcəyini artıq söyləmək mümkündür.
Marafonun sonuna 7 tur qalıb və belə bir vaxtda «Kəpəz» axırıncı pillədəki «Səbail»i 7 xal qabaqlayır.
Bu, mühüm üstünlükdür. «Kəpəz» ötən iki mövsümdəki kimi, yenə «kəfəni yırtmaq» üzrədir və irəlidə fövqəladə hadisələr baş verməsə, Azər Bağırov üzərinə götürmüş missiyanı yerinə yetirmiş sayılacaq.
Ötən ilin sentyabrında görəvə gələn baş məşqçinin gördüyü işi sürpriz saymaq olar. Çünki «Kəpəz»in heyəti «Səbail»dən daha zəifdir. Fərq baş məşqçidədir.
Azər Bağırov ötən müddətdə ortaya mükəmməl iş qoydu, «Səbail»dən 7 xal geri qalan «Kəpəz»i ondan 7 xal önə çıxardı.
«Sabah»la qarşılaşmanın taleyini 1 qol həll etdi. Valdemar Almeydanın ilk hissədə vurduğu qolla hesabı açdılar, Rojerio Santosla onu qorudular.
Portuqaliyalı qapıçı mövsümün ən gözəl oyunlarından birini keçirdi, inanılmaz toplar çıxardı.
Təəssüf ki, Peşəkar Futbol Liqası qapıçılar üzərindən seçim etmir, yoxsa Rojerio həftənin ən yaxşısı seçilərdi. O, növbəti mövsümü də burada keçirməyə layiqdir.
Azər Bağırov qalası olsa, birinci onu saxlamalıdır. Dioqo Verdaska və Rati Ardazişvili də mütləq həmin siyahıda yer almalıdır.
Bu üç legioner «Kəpəz»in canıdır, qanıdır, dərmanıdır.
ELXAN