
Gəncə şəhər stadionunda yenidənqurma işləri sürətlə getməkdədir.
Arenada günün 24 saatı təmir-tikinti aparılır.
100-dən çox işçi günboyu 3 rejimlə çalışmaqdadır. Buranın sentyabrın ortasınadək tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.
«Kəpəz»in ev oyunlarını keçirdiyi qurğu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən yenidən qurulur.
Bu çərçivədə stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir.
Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.
Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.
Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Yaxınlarda qazonda çalışmalara start veriləcək, toxum səpiləcək. Təbii meydan iyul-avqust aylarında test ediləcək.
Bu iş «Kəpəz»in yeni İdarə Heyətində yer alacaq Fərman Əlizadənin drektoru vəzifəsini tutduğu «Agrosport»a tapşırılıb.
Əslində isə adıçəkilən şirkət AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova aidiyyatlı olması sirr deyil. O, federasiyaya rəhbərlik etdiyi müddətdə bir neçə şirkət kimi «Agrosport»u da yaradıb və arxasında dayanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN