
Üçüncü dövrədə qeydə alınan nəticələrdən sonra çempionatda qalmaq uğrunda mübarizəyə müəyyən mənada aydınlıq gəlib.
“Şamaxı” son üç, “Sumqayıt” son iki qarşılaşmada əldə etdiyi vacib xallarla təhlükəli zonadan uzaqlaşıb.
Sumqayıtlılarla şamaxılılar 18 xalla axırıncı yerdə lövbər salan “Səbail”i 10 xal qabaqlayır. “Kəpəz”lə “Səbail” arasındakı xal fərqi isə cəmi 5-dir.
Dördüncü dövrədə əsas mübarizənin bu iki komandanın arasında gedəcəyini təxmin etsək də, “Kəpəz”in futbolçusu fərqli fikirdədir.
Müdafiəçi Rauf Hüseynli Sportinfo.az-a açıqlamasında dörd komandanın adını çəkib:
“Son 4-5 pillədə yer alan komandaların arasındakı xal fərqi elə də çox deyil. 10 xallıq fərqi deyirsinizsə, 3-4 turdan sonra fərq arta və ya azala bilər.
Ona görə də elitada qalmaq uğrunda mübarizənin “Səbail”, “Kəpəz”, “Sumqayıt” və “Şamaxı”nın arasında gedəcəyini deyə bilərəm.
Bu komandaların bir-biri ilə oyunları var. Aşağı-yuxarı güclər də eynidir. Ona görə də dördüncü dövrənin gərgin keçəcəyinə şübhə etmirəm”.
Maraq üçün bildirək ki, “Sumqayıt”la “Şamaxı” 28 xalla 7-8-ci pillələri böülşür. “Kəpəz” 23 xalla 9-cu, 18 xalı olan “Səbail” sonuncudur.
HƏBİB