
Ötən həftə Sumqayıt səfərindən xalsız dönən «Kəpəz» bu tur gözlənilməzi bacardı.
«Qarabağ»la heç-heçə qələbəyə bərabərdir.
Çoxları «Kəpəz»in Tovuzda böyük hesabla uduzacağını gözləyirdi, halbuki.
Azər Bağırov mətbuat önündə çıxışının son bölümündə dedi:
- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bu oyun da bunun nəticəsidir.
Baş məşqçinin açıqlamasının arxasında gizlənən məqamlar var. Güvəndiyi heyətdən də anlaşılır ki, o, kimlərə və hara eyham vurur.
«Sumqayıt»la qarşılaşmada kobud səhvləri ilə yadda qalan Yeqor Xvalko bu dəfə kapitan sarğısını qoluna taxaraq, komanda yoldaşlarının önündə meydana ayaq basmadı.
Belaruslu müdafiəçi 90 dəqiqəni ehtiyat skamyada əyləşməklə keçirdi, elə Bağırovun yanında.
Xvalkonun yoxluğu hiss olunmadı. «Kəpəz» müdafiədə əvvəlkindən daha diqqətli təsir bağışladı. İstəkləri 1 xal idi, onu da əzmkarlıq hesabına əldə etdilər.
Baş məşqçinin «həmin problemlər tapılıb» dediyi yalnız Xvalkonun əsas heyətdən kənarda qalmasıdır? Bu, yalnız medalın görünən hissəsidir.
Azər Bağırovu narahat edən başqa sıxıntılar da mövcuddur komanda içində.
Yeni sponsorun adamlarının sənə-mənə demədən kollektivin içinə soxulması, çaxnaşma salması kimi.
Onların əl-ayağı ötən bir neçə gün ərzində həqiqətən dühərgədən yığışdırılıbmı? Bunu qarşıdakı 1-2 həftə içində dəqiq biləcəyik.
MUSA