
“Kəpəz”in yeni transferi Conston Omorua artıq Azərbaycandadır.
Bölgə klubu 26 yaşlı mərkəz müdafiəçisi ilə 3 aylıq müqavilə imzalayıb.
Razılaşmaya əsasən, keniyalı legionerin kontraktının uzadılıb-uzadılmaması mövsümün yekunlarından asılıdır.
Gəncə təmsilçisi Premyer Liqada yerini qoruyarsa, afrikalının sözləşməsi 2026-cı ilin yayınadək yenilənəcək.
Omorua martın 15-də «Qarabağ»la keçiriləcək növbəti tur matçında forma geyinməyəcək. Bu, onun hazırlıq səviyyəsi və ya hansısa sənədləşmə problemi ilə bağlı deyil.
Məsələ ondadır ki, o, Keniya yığmasına dəvət alıb. Arxa xətt oyunçusu ayın 16-da ölkəsinə yollanacaq və bir də martın sonunda geri dönəcək.
2019-cu ildən bəri Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan müdafiəçi son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.
Yanvarda “Abha”dan ayrılandan bəri klubsuz qaldığından, hazırda azad agent statusu daşıyır.
1.83 metr boya malik keniyalı yerli “Vazito“nun yetirməsidir. Daha sonra “Mathar Yunayted“in uğurları üçün tər töküb.
2022-ci ildə Portuqaliyaya yollanıb və “Estrela da Amadora“nın şərəfini qoruyub. 2024-cü ilin əvvəlində Ərəbistan yarımadasına üz tutub.
«Kəpəz» 2025-ci ildə “Turan Tovuz“dan Sadiq Şəfiyevi icarəyə götürmüş, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili, tacikistanlı hücumçu Şervoni Mabatşoev və maltalı vinger Trent Buhagiarı sıralarına qatıb.
SPORTİNFO.AZ