
«Kəpəz» rəhbərliyi gözlənilməz addım atıb.
Klub rəsmi sostal şəbəkə hesablarından «Neftçi»yə aid paylaşımı silib.
Xatırlatma üçün deyək ki, «sarı-göylər» Tovuzda qazandıqları 1:0 hesablı qələbədən sonra «Növbəti stansiya Bakı» başlığı ilə foto yayıb. Burada paytaxt istiqamətində hərəkət edən qatar yer alıb, üzərində də «Neftçi»nin bayrağı.
Bu paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılansa da, gəncəli rəsmilər şəkili «virtual aləm»dən yığışdırıb.
Bəs niyə belə etsinlər?
Araşdırdıq və bizə məlum oldu ki, göstəriş Adil Vəliyevdən gəlib. Xeyr, adını çəkdiyimiz şəxs «Neftçi» rəsmisi deyil.
O, «Kəpəz»in yeni İdarə Heyətində yer alacaq fiqurantdır. Həm də elə-belə fiqurant yox…
A.Vəliyev klubun himayəsinə götürən şirkətin aparıcı simasıdır. Burada bütün «ip»lər artıq onun əlinə keçib. bir neçə ay öncə «Kəpəz»lə bağlantı quran və sponsorluq çətirini üzərinə götürən biznesmen qatı «Neftçi» fanatı imiş.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik etmiş Adil Məmməd oğlu Vəliyev 1980-ci ildə Bakıda anadan olub.
Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyib, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.
2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəni bu postda əvəzləyib və 2023-cü ilin sonunacan bu vəzifədə qalıb.
O, hazırda müxtəlif ölkələrdə biznesi olan iş adamı kimi təqdim edilir. «Kəpəz»i himayəsinə götürmüş şirkəti isə Dubayda mənzillənib.
A.Vəliyevin SOCAR-da çalışdığı vaxt «Neftçi»yə diqqət göstərdiyi, hətta bəzi məsələlərdə onlara köməklik göstərdiyi söylənilir. Həmin vaxt yaratdığı əlaqələri indinin özündə də qoruyub saxladığı bildirilir.
Ancaq hörmətli Adil bəy bir məqamı gərək yadından çıxarmasın. Əvvəl nə olub olub, bu gün o, «Kəpəz» cəbhəsindədir və klubun maraqlarını və prinsiplərini hər şeydən üstün tutmalıdır.
Əslən gəncəli biznesmen doğma şəhərinin azarkeşlərinin də rəyini nəzərə almalıdır. Yerli fanatlar bu cür hərəkətləri bir dəfə keçər, iki dəfə keçər, sonra…
Deyəsən, hələ onları yaxşı tanımayıb.
SPORTİNFO.AZ