İstefanın biraddımlığında - Onu yola vermirlər, incidirlər, gününü qara ediblər

11:40 Kəpəz 535
İstefanın biraddımlığında - Onu yola vermirlər, incidirlər, gününü qara ediblər

Dünən «Kəpəz» azarkeşlərinə ah çəkdirmədi.

«Neftçi»ni udub, tərəfdara «off bə…» deyəcək qədər dərindən nəfəs aldırdılar.

Matç bitdi, Azər Bağırova belə bir sual ünvanlandı:

- Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?

Gəlin, cavabı da eşidək:
- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.

Aha… Zəhmət olmasa, burada bir dəqiqə ayaq saxlayaq.

Azər Bağırov ictimaiyyətin diqqətini «Kəpəz»ə çevirmək üçün «publika oynamayıb» mətbuat konfransında. Onun sözlərinin arxasında çox böyük həqiqət dayanır.

Kluba yeni sponsor gəlib. Elşad Nəsirovun «çətir»i altında işləmiş şəxslərdir onlar.

Bura öz qohum-əqrabalarını gətiriblər. Həmin adamlar da Azər Bağırova göz verib, işıq vermirlər.

Gününü qara ediblər. Hər işinə bir «mız» qoyurlar.

Sərbəst çalışmasına mane olurlar – filan futbolçunu alma, filan futbolçunu al. Onu niyə oynadırsan, bunu oynat. Niyə belə taktika ilə oynayırsan, dəyiş.

Və bu kimi çox şey.

Bağırov hələlik birtəhər dözür və müqavimət göstərir. O, «Kəpəz»i Premyer Liqada saxlamaq üçün Gəncəyə gəlib. Hazırda da həmin məqsədə doğru aparır komandanı.

Amma belə vəziyyətdə işləmək də xoş deyil ona.

Futbolçuları əl-ayağa dolaşanlardan qorusun, onları oyuna hazırlasın, yoxsa yersiz sual-cavablara cavab versin, tikanlı atmacaları eşitməzdən gəlsin..?

Kim olarsa, yorular bu prosesdən.

Odur ki, son açıqlamasıyla medianı mümkün gedişinə hazırladı. Sırf məcburiyyət üzündən.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti