
“İndiki şərtlərlə iki cəbhədə mübarizə aparmaq bizim üçün çətindir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz“in müdafiəçisi Turan Manafov deyib.
Ölkə kubokunda “Neftçi“yə uduzaraq mübarizəni ¼ final mərhələsində dayandıran Gəncə təmsilçisi artıq bütün diqqətini Premyer Liqaya verəcək.
Saytımıza danışan cinah oyunçusu çempionatda qalmaq uğrunda mübarizədən əl çəkməyəcəklərini bildirib:
“İşimiz asan olmayacaq, razıyam. Onsuz da, əsas diqqətimizi çempionata ayırmışıq ki, burada yerimizi qoruyaq.
Gizlətmirəm, bu gün üçün qarşımızda duran əsas məqsəd çempionatdakı yerimizi qorumaqdır, nəinki kubokda uğur qazanmaq.
Mövsümün başa çatmasına 3 aya yaxın vaxt qalıb. Hazırda turnir cədvəlində doqquzuncuyuq.
Təhlükəli zonada olduğumuz hər birimiz yaxşı başa düşürük. Bu, bizə qətiyyən xoş deyil.
Hər nə qədər çətin vəziyyətlə üzləşsək də, ümidimiz böyükdür“.
“Kəpəz” 25 tura 22 xal toplayıb. Gəncəlilər hazırda turnir cədvəlinin 9-cu pilləsində yerləşib.
“Sarı-göylər” son sıradakı “Səbail”dən 4 xal öndədir.