
“Kəpəz” 2025-ci ildə beşinci transferini reallaşdırıb.
Buna qədər “Turan Tovuz“dan Sadiq Şəfiyevi icarəyə götürmüş, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili, tacikistanlı hücumçu Şervoni Mabatşoev və maltalı vinger Trent Buhagiarı sıralarına qatmış Gəncə klubu daha bir legioner əməliyyatını bitirib.
Bölgə klubu Conston Omorua ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi qarşıdakı 2-4 gün ərzində Azərbaycana təşrif buyuracaq.
Keniyalı ilə 3 aylıq müqavilə imzalanacaq. Qərblilər mövsümün sonunda Premyer Liqada qalarsa, afrikalıyla kontrakt daha 1 il uzadılacaq.
2019-cu ildən bəri Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan arxa xətt oyunçusu son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.
“Abha”dan ayrılandan bəri klubsuz qaldığından, hazırda azad agent statusu daşıyır.
1.83 metr boya malik keniyalı yerli “Vazito“nun yetirməsidir. Daha sonra “Mathar Yunayted“in uğurları üçün tər töküb.
2022-ci ildə Portuqaliyaya yollanıb və “Estrela da Amadora“nın şərəfini qoruyub. 2024-cü ilin əvvəlində Ərəbistan yarımadasına üz tutub.
SPORTİNFO.AZ