
“Kəpəz“in keçmiş prezidenti və baş məşqçisi Mehman Allahverdiyev yeni rəhbərlikdə yer almayıb.
Uzun illər “sarı-göylər“i çalışdırmış və ona başçılıq etmiş mütəxəssisin adı Müşahidə Şurasının tərkibinə salınmayıb.
Bunun da səbəbini o, özündə axtarmalıdır. Klubdan bu məqsədlə Allahverdiyevlə dəfələrlə əlaqə saxlanılsa, di gəl, telefon zənglərinə cavab verməyib.
İlyarım öncə “Kəpəz“lə bağlarını qoparmış sabiq çalışdırıcı bununla öz yolunu seçib - ən azı, daha 2-3 il bu qapıdan içəri keçməyəcək. Sonradan fikrindən daşınsa da, daşınmasa da.
“Kəpəz“in yeni rəhbərinin kimliyi bugünlərdə müəyyənləşib. Gəncə klubu bundan sonra Namik Qədirovun başçılığı altında fəaliyyət göstərəcək. O, Müşahidə Şurasının sədri postunu tutacaq.
Bilindiyi kimi, “Kəpəz”in sponsor danışıqları müsbət yekunlaşıb. Hazırda AFFA ilə klub arasında hüquqi prosedur gedir.
Federasiya “Kəpəz”in təsisçiliyindən imtina edib. Həmçinin qurumun Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov.
Həm AFFA, həm də Cavadov təsisçilik payından imtinanın qarşılığında qarşı tərəfdən 1 qara qəpik də istəməytb.
Bu işlər bitsin, klubda struktur dəyişikliyi ediləcək. İlyarım öncə fəaliyyətə başlamış İdarə Heyəti ləğv olunacaq, onun yerində Müşahidə Şurası yaradılacaq.
Burada kənar şəxslər yer almayacaq. MŞ-nın «onurğa sütunu»nu gəncəlilər təşkil edəcək.
İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri şurada da təmsil olunacaq.
Həmçinin Adil Vəliyev və ”Aqrosport”un direktoru Fərman Əlizadəni də MŞ-nın üzvləri arasında görəcəyik.
Tanınmış menecer Erkin İbrahimovun da sədrə müşavir təyin edilməsi gündəmdədir.
SPORTİNFO.AZ