
«Kəpəz»in yeni himayədarının gələn mövsümlə əlaqəli planı bilinib.
«Sarı-göylər» bu mövsüm Premyer Liqada yerini təmin edərsə, sponsor şirkət kluba 5 milyon manat illik büdcə ayıracaq.
Həmin vəsaitin xərclənmə istiqamətləri də məlumdur. Məbləğin ən azı 2/3 hissəsi əsas komandaya sərf olunacaq.
Bura transfer əməliyyatları, mükafat fondu, məşqçi, futbolçu və işçilərin əməkhaqları daxildir.
Artıq “Kəpəz“in yeni rəhbərinin kimliyi müəyyənləşib.
Gəncə klubu bundan sonra Namik Qədirovun başçılığı altında fəaliyyət göstərəcək. O, Müşahidə Şurasının sədri postunu tutacaq.
Bilindiyi kimi, “Kəpəz”in sponsor danışıqları müsbət yekunlaşıb. Hazırda AFFA ilə klub arasında hüquqi prosedur gedir.
Federasiya “Kəpəz”in təsisçiliyindən imtina edib. Həmçinin qurumun Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov.
Həm AFFA, həm də Cavadov təsisçilik payından imtinanın qarşılığında qarşı tərəfdən 1 qara qəpik də istəməytb.
Sadəcə, nizamnamənin yenidən hazırlanması və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi yolunda işlər davam etdirilir. Proses bundan sonra hardasa 10-14 gün vaxt aparacaq.
Hüquqşünaslar bir az tez çalışsa, “Kəpəz” artıq gələn həftə sponsorun kimliyini açıqlaya bilər.
Bu işlər bitsin, klubda struktur dəyişikliyi ediləcək. İlyarım öncə fəaliyyətə başlamış İdarə Heyəti ləğv olunacaq, onun yerində Müşahidə Şurası yaradılacaq.
Burada kənar şəxslər yer almayacaq. MŞ-nın «onurğa sütunu»nu gəncəlilər təşkil edəcək.
İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri şurada da təmsil olunacaq.
Həmçinin Adil Vəliyev və ”Aqrosport”un direktoru Fərman Əlizadəni də MŞ-nın üzvləri arasında görəcəyik.
Tanınmış menecer Erkin İbrahimovun da sədrə müşavir təyin edilməsi gündəmdədir.
SPORTİNFO.AZ